Xəbər verdiyimiz kimi, 27-29 mart tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət idarələrinin təşkilatçılığı ilə keçirilən və görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun xatirəsinə həsr olunan "Xalqın mədəni sərvəti" layihəsi başa çatıb.
Üçüncü dəfə keçirilən layihənin təntənəli bağlanış mərasimi Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində gerçəkləşib.
Filarmoniyanın direktoru, layihənin ideya müəllifi Əməkdar artist Ramil Qasımov çıxış edərək "Xalqın mədəni sərvəti" layihəsinin musiqimizin müasir nəslə təbliğinə xidmət etdiyini deyib. O, layihənin gerçəkləşməsinə görə Mədəniyyət Nazirliyinə, Gəncə-Daşkəsən və Mərkəzi Aran RMİ-lərə və bütün iştirakçılara dərin təşəkkürünü bildirib.
Bədii hissədə Gəncə şəhəri, Samux və Goranboy rayonlarında fəaliyyət göstərən bir sıra uşaq musiqi və incəsənət məktəblərinin kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Xatırladaq ki, “Xalqın mədəni sərvəti” layihəsi üzrə yanvarın 8-dən 14-dək keçirilən tədbirlər Fikrət Əmirova, fevralın 14-dən 16-dək təşkil olunan tədbirlər isə Qara Qarayevə həsr olunmuşdu.