Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Xalq artisti, görkəmli baletmeyster, milli balet sənətinin əfsanəsi, bu ilin 6 fevral tarixində dünyasını dəyişən Rəfiqə Axundovanın xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.
Əvvəlcə Rəfiqə Axundovanın həyat və yaradıcılıq fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonra sənətkarın “Yeddi gözəl”, “İldırımlı yollarla” (Q.Qarayev), “Gülşən” (S.Hacıbəyov), “Qız qalası” (Ə.Bədəlbəyli), “Məhəbbət əfsanəsi (A.Məliokov) və s. balet tamaşalarında yüksək peşəkarlıqla yaratdığı dolğun səhnə obrazları və həyat yoldaşı, görkəmli baletmeyster Maqsud Məmmədovla birlikdə quruluş verdiyi “Xəzər balladası” (T.Bakıxanov), “Qobustan kölgələri” (F.Qarayev), “Yallı”, “Azərbaycan süitası” (R.Hacıyev), “Babək” (A.Əlizadə) və digər balet əsərləri haqqında ətraflı məlumat verilib.
BXA-nın tam orta təhsil pilləsi şagirdlərinin ifasında nümayiş etdirilən “Yeddi gözəl” baletindən “Qızlar rəqsi” və “Klassik rəqs” kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük alqışla qarşılanıb.