AMEA-nın Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik” mövzusunda respublika elmi konfransı keçirilib.
AMEA, akademiyanın Naxçıvan Bölməsi, A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.
Əvvəlcə təşkilatçı qurumların və elmi-tədqiqat müəssisələrinin rəhbərləri Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər.
Konfransı giriş sözü ilə bölmənin sədri akademik İsmayıl Hacıyev açaraq bildirib ki, Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli sərəncamı muxtar respublikanın Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun daha dərindən öyrənilməsinə xidmət edir.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransda “Naxçıvan Muxtar Respublikası: ədəbi-tarixi proseslər və müasir dövr” mövzusunda məruzə edib.
Akademik bildirib ki, dövlət başçısının sərəncamı Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə mühüm stimul verir.
İsa Həbibbəyli dövlət başçısının 2024-cü il 2 fevral tarixli sərəncamı ilə akademiya sistemində çalışan 55 nəfərin “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunduğunu bildirib. AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevə, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlıya, Naxçıvan Bioresurslar İnstitutunun baş elmi işçisi akademik Tariyel Talıbova və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevə medalları təqdim edib.
Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilov Elm Günü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri ağsaqqal” döş nişanı ilə təltif olunub. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevə və dosent Firudin Rzayevə AMEA-nın fəxri fərmanı, bölmənin 19 əməkdaşına akademiyanın təşəkkürnamələri təqdim edilib.
Daha sonra öz işini məruzələrlə davam etdirən konfransda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı “Naxçıvan Muxtar Respublikasının 100 illiyi və Milli Azərbaycan Tarixi Muzeyinin qarşısında duran vəzifələr”, A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov “Naxçıvan tarixində yeni səhifə: Ehsan xanın Peterburq səfəri haqqında”, Naxçıvan Dövlət Universitetinin rektoru dosent Elbrus İsayev “Naxçıvanda ali təhsil”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru dosent Azad Novruzov “Muxtariyyət dövründə Naxçıvanda ümumi təhsil”, A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov “Naxçıvan Muxtar Respublikasının davamlı inkişafında Ümummilli lider Heydər Əliyevin xidməti” və AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusu” mövzusunda məruzə ediblər.