Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Bəşəriyyət tarixinin qanlı faciəsi – 31 mart soyqırımı” adlı tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan məlumatlar diqqətə çatdırılıb. Çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən və 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımına hüquqi-siyasi qiymətin verilməsində müstəsna rolundan danışıblar.
Sonda mart qırğınlarından bəhs edən film nümayiş olunub.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Qaradağ rayon Heydər Əliyev Mərkəzində də anım tədbiri keçirilib. "Tariximizin qanla yazılan səhifələri" adlı mühazirədə bildirilib ki, 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. 31 mart soyqırımı zamanı Bakı, Quba, Şamaxı və digər rayonlarda qırğınlar törədilib, yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilib, minlərlə azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması faktları bütün dünyaya bəyan edilib.