Azərbaycan caz sənətinin görkəmli simalarından bəstəkar, pianoçu, Xalq artisti  Rafiq Babayevin (1936–1994) anadan olmasının (31 mart) 88-ci ildönümü münasibətilə paytaxtdakı Şəhriyar adına Mədəniyyət Mərkəzində (DTX-nin Mədəniyyət Mərkəzi) konsert keçirilib.

“JIDIR JAZZ” layihəsinin təşkilatçılığı ilə gerçəkləşən konsertə gələnlər musiqiçinin yaradıcılığından bəhs edən fotosərgi ilə də tanış olublar. Foyedə rəssam Şərqiyyə Rəhmanlının Rafiq Babayevin musiqisindən ilhamlanaraq çəkdiyi əsərlər də sərgilənib.

Tədbirin aparıcısı Əməkdar mədəniyyət işçisi Rahib Azəri bəstəkarın ömür və sənət yolu haqqında məlumat verib. Qeyd olunub ki, Rafiq Babayev çoxlu sayda caz parçaları, xalq və estrada mahnılarının aranjimanları, iyirmidən çox film üçün musiqilərin müəllifidir.

İlhamə Qasımova və Hidayət Sadıxbəylinin ifasında Rafiq Babayevin musiqiləri səslənib. Tofiq Cəfərov və Ələsgər Abbasov bəstəkara həsr olunmuş caz kompozisiyalarını ifa ediblər.

Musiqili gecədə Firudin Həmidov ilə “H3 Collective” qrupu, “Qaya” ansamblı, Ənvər Sadıqovun “Qaytağı” qrupu, Ələsgər Abbasov, Teyyub Aslanov və Nicat Aslanovun triosu, Emil Əfrasiyab, “Cəngi” qrupu ilə Mircavad Cəfərov, “Savab” qrupu ilə Cəmil Əmirov, Salman Qəmbərovun “Bakustic Jazz” ansamblı, Əfqan Rəsulun triosu, Tofiq Cabbarov və “Bakuba” qrupu, Vasif Ayyanın triosu və digər musiqiçilər ifaları ilə musiqisevərlərin könlünü oxşayıblar.

Bəstəkarın qızı Fərizə Babayeva konsertin təşkilinə görə “JIDIR JAZZ” layihəsinə, musiqi axşamının iştirakçılarına və tamaşaçılara təşəkkürünü bildirib, atası haqqında xatirələrini bölüşüb.