Aprelin 13-də saat 15:30-da Xətai Sənət Mərkəzində “Baharın rəngləri” Respublika uşaq rəsm yaradıcılıq turnirinin yekun sərgisi açılacaq.
Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan olunub.
Turnirin məqsədi uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövqün inkişafına xidmət etməkdir.
Müsabiqə çərçivəsində 700-dən çox 10-21 yaş arası uşaq, yeniyetmə və gənc 15 nəfərlik qruplarla Xətai Sənət Mərkəzində plenerlərdə iştirak ediblər. İştirakçılar akvarel boyaları ilə baharı tərənnüm edən əsərləri ərsəyə gətiriblər. Bu əsərlər arasından ən yaxşıları sərgilənmək üçün seçilib. Seçim zamanı müəlliflərin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük verilib. Sərgilənəcək əsərlər Xətai Sənət Mərkəzinin kolleksiyasında saxlanılacaq.
Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və Hollandiyanın boya markası “Artcreation”dan hədiyyə təqdim ediləcək.