Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən, Azərbaycan Milli Kitabxanasında “Naxçıvan Muxtar Respublikası – 100” adlı elektron məlumat bazası yaradılıb.

Məlumat bazasında “Rəsmi sənədlər”, Naxçıvanın tarixi, coğrafiyası, mədəniyyəti, görkəmli şəxsiyyətləri, Naxçıvan Muxtar Respublikası haqqında nəşrlər, fotoqalereya və digər materiallar yer alıb.

Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və şərəfli bir yol qət edib. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşıb. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Naxçıvan Antik və Orta əsrlər dövrünə aid türk-islam mədəniyyəti nümunələri və tarixi abidələrlə – qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Naxchivan-100/index.html linkindən istifadə edə bilərlər.