2 aprel tarixi dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Uşaq ədəbiyyatı ilə bağlı günün bu tarixə təsadüf etməsi məşhur danimarkalı yazıçı, uşaqlar üçün çoxsaylı maraqlı nağıllar müəllifi Hans Kristian Andersenin (1805–1875) aprelin 2-də anadan olması ilə bağlıdır.

Əlamətdar günün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın (IBBY) təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Beynəlxalq Uşaq Kitabı Günü cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etmək məqsədi daşıyır.

Əlamətdar gün münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli kitabxana filialında Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar “Kitab bir ümmandır” başlıqlı tədbir keçirilib.

Tədbirdə iştirak edən 181 nömrəli tam orta məktəbin şagirdləri şeirlər səsləndiriblər.

Kitabxananın “Özünü kəşf et” layihəsinin iştirakçıları olan balacalar isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından kiçik səhnəcik nümayiş etdiriblər.

***

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası və Ş.Əfəndizadə adına 13 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Beynəlxalq Uşaq Kitabı Günü” adlı tədbir keçirilib.

Kitabxananın əməkdaşları çıxışlarında Beynəlxalq Uşaq Kitabı Gününün yaranma tarixi haqqında danışıb, Azərbaycan və dünya uşaq ədəbiyyatının görkəmli simaları barədə məlumat veriblər. Bildirilib ki, uşaqların tərbiyəsində kitablar xüsusi yer tutur. Kitablar onların zəngin mənəvi zövqə malik bir insan kimi yetişməsində mühüm rol oynayır, öz xalqının tarixi keçmişinə dərindən bələd olmasına imkan yaradır.

Sonda şagirdlər arasında “Kitab oxumaq bizə nə qazandırır?” mövzusunda sual-cavab aparılıb və kitabxanaçılara kitablar hədiyyə edilib.