Xalq yazıçısı Kamal Abdullanın müxtəlif xarici dillərə tərcümə olunmuş “Sən çətin tapasan axtardığını” adlı şeirlər kitabı işıq üzü görüb.
Kitabda Kamal Abdullanın müxtəlif illərdə yazdığı şeirlərin alman, fransız, ingilis və ispan dillərinə tərcümələri təqdim olunub. Şeirləri almancaya Yusif Savalan, fransızcaya Mətanət Əhmədova, ingiliscəyə Vaqif Qəmbər, Fialə Abdullayeva, ispancaya Hüseynağa Aygünlü tərcümə ediblər.
Kitabçanın tərtibçisi Yusif Savalan, rəyçisi filologiya elmləri doktoru, professor Şahin Xəlilli, redaktoru isə dosent Fialə Abdullayevadır. Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.
Yeni nəşrin "Tərtibçilərdən" hissəsində yazılıb: “Kamal Abdulla Azərbaycan dilçiliyində, ədəbiyyatşünaslığında, nəsrində, dramaturgiyasında unudulmaz xidmətləri ilə seçilən ustad alim, yazıçı, dramaturqdur. Onun poeziya sahəsində qələm təcrübəsi - şeir və nəğmələri də oxucu ürəyini riqqətə gətirir. Dünya xalqlarının ayrı-ayrı dillərinə tərcümə olunmuş bu şeirlər onun həm də gözəl şair olduğundan xəbər verir".