Azərbaycan Milli Elmlər Akademiyasında “Yeni tarixi dövr və milli ideya” mövzusunda ikinci müzakirə keçirilib.

Tədbiri açan akademiyanın prezidenti akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi “Bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır” sözlərini xatırladıb və bundan irəli gələrək yanvar ayında bu istiqamətdə ilkin müzakirələrin keçirildiyini xatırladıb. Qeyd edib ki, həmin müzakirələr zamanı humanitar və ictimai elmləri təmsil edən 16 nüfuzlu alim mövzu barədə fikirlərini bildirərək bu istiqamətində 37 təklif səsləndiriblər.

Akademik İsa Həbibbəyli bildirib ki, ideologiya ilə ideya bir-birinə yaxın olan anlayışlardır və dövlətimizin əsas ideologiyası Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş azərbaycançılıq ideologiyasıdır və səsləndirilən təkliflərdə də gələcək milli ideyanın baza hissəsini bu ideologiya təşkil edir.

“Alimlərimiz tərəfindən ilkin müzakirələr zamanı güclü lider, güclü dövlət, güclü xalq, Böyük Qayıdış kimi milli ideya ola biləcək təkliflər səsləndirilib. Biz, həmçinin milli ideyanın nə demək olmasını müəyyənləşdirərkən onun ifadə formatını da tapmalıyıq. Yəni qardaş Türkiyəyə münasibətdə Ulu öndərin “Bir millət, iki dövlət” sözlərini, yaxud Vətən müharibəsində dövlət başçısının ümummilli şüara çevrilmiş “Qarabağ Azərbaycandır!” nidasını qəbul etdiyimiz kimi, yeni milli ideyamız da müəyyən formata, modelə əsaslanmalıdır”, – deyə akademik İsa Həbibbəyli söyləyib.

AMEA rəhbəri Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimindəki nitqində səsləndirdiyi fikirlərin milli ideyamızın müəyyənləşdirilməsi üçün mühüm yol xəritəsi olduğunu deyib.

İctimai müzakirələrdə çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva milli birlik, güclü, müasir, dünyəvi, demokratik dövlət quruculuğu məsələlərinin bizim milli ideyamızın əsasını təşkil etdiyini, dünyəviliyimizi qorumalı olduğumuzu vurğulayıb.

Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə deyib ki, milli ideyanın əsasını Azərbaycan cəmiyyətinin gələcəkdə nə arzuladığını müəyyən etmək təşkil edir və bu isə özlüyündə “milli arzu” anlayışını formalaşdırdığından sosioloji tədqiqatların aparılmasına ehtiyac yaranır.

Qafqazşünaslıq İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı qeyd edib ki, azərbaycançılıq ölkəmizin təməl ideologiyasıdır, eləcə də milli birlik və həmrəyliyimizin təməlidir. Onun sözlərinə görə, milli ideya müəyyən dövr üçün zəruri şəraitdən yaranır və millətin arzusundan, istəyindən irəli gəlir. O qeyd edib ki, milli-mənəvi köklərimizə dayanaraq modernləşməli, elm və təhsili müasir səviyyəyə qaldırmalıyıq.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov deyib ki, Azərbaycanda milli ideyanın tarixi və spesifikası dinamik xarakter daşıyıb və hər dövrdə fərqli olub. Güclü Azərbaycan ailəsi güclü dövlətin təməllərini təşkil edir və buna daim xüsusi diqqət yetirmək lazımdır.

Akademiklər Möhsün Nağısoylu, Teymur Kərimli, Muxtar İmanov, professorlar İlham Məmmədzadə, Əbülhəsən Abbasov, tarix elmləri doktorları Eynulla Mədətli, Güllü Yoloğlu, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Şərqşünaslıq İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayev və başqaları çıxış edərək Azərbaycanın yeni tarixi dövr üçün yeni milli ideyası ilə bağlı təklif və mülahizələrini səsləndiriblər.

Sonda çıxış edən akademik İsa Həbibbəyli müzakirələr zamanı səsləndirilən güclü lider, güclü dövlət, milli birlik, Böyük Qayıdış, inkişaf etmiş dövlət, sosial rifah və türk birliyi kimi ideyaları ümumiləşdirib, yeni tarixi dövr üçün milli ideya baxımından səsləndirilən təkliflərin sırasına rəqəmsal cəmiyyət quruculuğu və milli təhlükəsizlik məsələlərini də əlavə etməyi və bu ideyaların əsasında ortaq modellərin formalaşdırılmasının məqsədəuyğun olduğunu nəzərə çatdırıb.

Qeyd olunub ki, yeni tarixi dövrdə milli ideya axtarışları sahəsində aparılan müzakirələr akademiyada ictimai və humanitar elmlərin inkişafına geniş meydan açıb.

İclasda müzakirələrin davam etdirilməsi qərara alınıb.