Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə İsrailin Təl-Əviv şəhərində “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM – 2024) sərgisində təbliğ olunub.
3-4 aprel tarixlərində keçirilən sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 6 yerli tərəfdaş təmsil edib.
Azərbaycan Respublikasının İsraildəki səfiri Muxtar Məmmədov milli stendimizi ziyarət edib.
Azərbaycan stendinin ziyarətçilərinə ölkəmizin turizm imkanları, zəngin milli mətbəxi, “Slow Food” və “Slow Wine” təcrübələri, mədəni irsi, UNESCO-nun Dünya İrs Siyahısına salınmış obyektlər haqqında ətraflı məlumat verilib. Ziyarətçilər Azərbaycanın mədəni landşaftında xüsusi yeri olan qədim yəhudi irsi haqqında da məlumat əldə ediblər.
Stendə baş çəkənlərə Azərbaycanın milli şirniyyatları və yerli şərablarını dequstasiya etmək şəraiti yaradılıb.
Sərgi çərçivəsində İsraildən və digər iştirakçı ölkələrdən olan təmsilçilərlə görüşlər də keçirilib.
Məlumat üçün bildirək ki, 2023-cü ildə Azərbaycanı 29 min İsrail vətəndaşı ziyarət edib.