Kanadanın Monreal şəhərində yerləşən Con Abot (John Abbott) Kollecində keçirilən multikultural festivalda Azərbaycan guşəsi də yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, kollecdə təhsil alan azərbaycanlı tələbələr, Monreal-Kanada Azərbaycan Cəmiyyətinin fəal üzvləri Şahanə və Fidan Abdullazadələrin təşkil etdiyi guşə maraqla qarşılanıb.
Festivalda ümumilikdə 40-a yaxın ölkənin stendləri qurulub. Azərbaycan guşəsində tarixi abidələrimizi əks etdirən suvenirlər nümayiş olunub, milli kulinariyamızın nümunələri tədbir iştirakçılarına təqdim edilib. Şahanə və Fidan festival iştirakçılarına Azərbaycanın tarixi, coğrafiyası, mədəni irsi haqqında məlumat verib, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından bir səhnəni nümayiş etdiriblər. Soydaşlarımızın bu təşkilatçılığı kollecin rəhbərliyi və kollektivi tərəfindən yüksək qiymətləndirilib.