“Ya səhvlərimizi anlayıb özümüzü toparlayacağıq, ya da günəşi görən buz kimi əriməyə davam edəcəyik” – Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyanın Mərkəzi İdarə Heyətinin (MYK) 31 mart yerli seçkilərin nəticələrinə həsr olunmuş toplantısında belə sərt bəyanatla çıxış edib.
Ərdoğan vurğulayıb ki, qurulmasından cəmi 15 ay sonra (noyabr 2002-ci il) AKP-ni iqtidara layiq görən xalqımız indiyə qədər iştirak etdiyimiz 17 seçkidə həmişə yanımızda olub, o cümlədən 10 ay öncə (2023-cü ilin mayındakı prezident və parlament seçkiləri) bunu bir daha nümayiş etdirib. “İndi xalqın bizi niyə arxaya itələdiyini çox yaxşı analiz etməliyik” deyən Ərdoğan bunun hakim partiya üçün sadəcə səs itkisi deyil, həm də ruh itkisi olduğunu bildirib. “22 illik təcrübəni, 22 illik çətin mübarizəni boşa çıxarmağa imkan verə bilmərik. Biz buna imkan verməyəcəyik”, – deyə o əlavə edib.
Ərdoğan seçkidən çıxan mənzərəyə toxunaraq, AKP-nin qazandığı səslərin 2019-cu ildəki 44,3 faizdən 35,5 faizə azalmasının səbəblərinin ciddi şəkildə analiz ediləcəyini deyib. Ərdoğan bu nəticənin əsas səbəbi kimi 10 ay əvvəl AKP-yə səs verən seçicilərin bir qisminin bu dəfə seçkiyə getmədiyinə diqqət çəkib.
Qeyd edək ki, 31 mart yerli seçkilərində seçici fəallığı Türkiyədə son illərin statistikası üzrə ən aşağı göstərici olub: 78,1 faiz. 2019-cu il yerli seçkilərində ölkə üzrə seçicilərin 84 faizi iştirak etmişdi, ötən ilin 14 mayındakı seçkidə isə seçici fəallığı rekord səviyyəyə – 87 faizə qalxmışdı. AKP-nin potensial elektoratının budəfəki seçkilərdə nisbətən passiv iştirakı rəqiblərin işinə yarayıb.
Seçici passivliyinin mühüm səbəblərindən biri isə sosial problemlər, əhalinin dolanışıq vəziyyəti, bu xüsusda ötən il iqtidar tərəfindən verilən vədlərin yerinə yetirilməməsidir. Türkiyə Statistika Təşkilatının (TÜİK) son məlumatına görə, ölkədə inflyasiya mart ayında fevralla müqayisədə daha 1,43% ataraq illik göstərici üzrə 68,5%-ə yüksəlib.
Prezident Ərdoğan partiyasının MYK toplantısında da bu mövzuya diqqət çəkib və inflyasiya ilə mübarizənin öncəlik hədəf olduğunu vurğulayıb.
Qeyd edək ki, martın 31-də Türkiyədə 81 il (vilayət) üzrə (o cümlədən 30 böyükşəhər) bələdiyyə sədrləri və bələdiyyə məclisi üzvləri, eləcə də ilçe (rayon) və belde (qəsəbə) bələdiyyələrinin sədr və məclis üzləri, kəndlərdə yerli idarəçilər (muhtarlar) seçilib.
Cümhuriyyət Xalq Partiyası (CHP) 35 il, o cümlədən 14 böyükşəhər üzrə bələdiyyə sədrliyi qazanaraq birinci olub. AKP 24 il (o cümlədən 12 böyükşəhər), Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) 10 il (3 böyükşəhər), Milliyyətçi Hərəkat Partiyası (MHP) 8 il, Yenidən Rifah Partiyası (YRP) 2 il (1 böyükşəhər), Böyük Birlik Partiyası və İyi Partiya hərəyə 1 il üzrə bələdiyyə sədrliyini qazanıb.
Partiyaların yerlərdə qazandığı ümumi səslərin ölkə üzrə nisbətində CHP 37,74 faiz, AKP 35,49 faiz, YRP 6,19 faiz, DEM 5,70 faiz, MHP 4,99 faiz səs toplayıb.