Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatı (BMT) ötən ilin oktyabrından bu ilin yanvarınadək Qəzza zolağında infrastrukturuna dəymiş ziyanı 18,5 milyard dollar qiymətləndirib. Bu barədə hər iki qurumun birgə hesabatında qeyd olunub.
Sənəddə qeyd edilib ki, dörd ay ərzində dəymiş ziyan Fələstinin birillik (2022) ÜDM həcmi qədərdir. Ən çox mənzil sektoru zərər çəkib və bu ümumi zərərin 70 faizini təşkil edir.
Qeyd edək ki, 2023-cü ilin 7-8 oktyabrında HƏMAS hərəkatının İsrailə silahlı hücumuna (ümumilikdə minə yaxın adam həlak olmuşdu) cavab olaraq İsrailin başlatdığı və bu gün də davam edən hərbi əməliyyatlarda ölən fələstinlilərin sayı isə 30 mini keçib. 2 milyona yaxın insanın yaşadığı Qəzza zolağında binaların təxminən üçdə ikisi dağıdılıb, müvafiq infrastruktur sıradan çıxarılıb.
Bu arada (2 aprel) Qəzza zolağında insanlara qida yardımı edən “World Central Kitchen” xeyriyyə təşkilatının yeddi könüllüsü İsrail ordusunun hava zərbəsi nəticəsində həlak olub. Xeyriyyə təşkilatının yaydığı məlumata görə, ölənlər arasında Britaniya, Polşa, Avstraliya vətəndaşları, həmçinin ABŞ və Kanadanın ikili vətəndaşlığı olan şəxs və bir fələstinli var.