Böyük Teatrın solisti, Azərbaycanın Xalq artisti, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun qızıl səsi Elçin Əzizov Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
Bu barədə müğənni özü məlumat verib.
Elçin Əzizovun səbirsizliklə gözlənilən “Mənim mahnıma inan” solo konserti mayın 3-də olacaq. Konsertdə hər kəsin ən sevdiyi mahnılar - Rusiyanın ən yaxşı estrada-caz musiqiçilərinin müşayiəti ilə əfsanəvi həmvətən Müslüm Maqomayevin və klassik estradanın ən görkəmli nümayəndələrinin repertuarından olan dahi musiqi ilə birləşmədə əsl poeziya təqdim olunacaq.
“Opera müğənnisi olaraq, mənim üçün hər zaman oxuduğumun mənasını çatdırmaq çox vacibdir. Vokal repertuarımı genişləndirərək, ilk növbədə həmvətənim, dahi Müslüm Maqomayevin mahnılarına müraciət etdim. Onları ifa edərək, mən hər bir hekayəni yaşayıram və bunu böyük zövqlə edirəm. Müasir vaxtda sevilən hitlər yenilənmiş şəkildə səslənir və mənim üçün görkəmli şair və bəstəkarların şeirləri və musiqisi ilə tamaşaçılarla “danışmaq” çox vacibdir”, - deyə müğənni qeyd edib.
Elçin Əzizov Bakıda dünyaya göz açıb və uşaqlıqdan oxumağı xoşlayıb. Kinorejissor təhsili alıb, 10 il ərzində “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun iştirakçısı olub, komandanın heyətində Ali Liqanın çempionu, Şən və Hazırcavablar Klubu Superkubokun sahibi olub, “XX əsrin ən yaxşı komandası” adına layiq görülüb.
Elçin Əzizov klassik vokal ilə yalnız 30 yaşında məşğul olmağa başlayıb və artıq 33 yaşında Rusiyanın Böyük Teatrının solisti olub. O mütəmadi olaraq bütün dünyada ən yaxşı opera teatrlarında çıxış edir.