Bakı Bələdiyyə Teatrında Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın premyerası keçirilib.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Rejissor “Şekspir” əsərinə tam fərqli prizmadan yanaşıb. O, tamaşaçıları “Şekspir” vasitəsilə Elçinin böyük, yeni fikirləri ilə tanış edib.
Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərlidir.
Rolları aktyorlar İlqar Musayev, Ülviyyə Rza, Hüsniyyə Mürvətova, Rəşad Kəsəmənli, Zülfiyyə Qurbanova, Tural Əhməd, Toğrul Rza, Elçin Muradov, Rəşid Soltanov və Namiq Cavadov canlandırıblar.
Tamaşanın süjetinə əsasən ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyali qurduğu dünyada yaşayır, bir neçə personaj başqa planetdən gəldiyini deyir. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayır. Əsərdə baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, nəhayət başa düşür ki, xəstə kimi müalicə olunan insanlar əslində öz xəyali dünyalarında yaşayırlar.
Müəllif “Şekspir” əsəri ilə cəmiyyətə mübarizə zirvəsinə gəlib çatan bir ucalıqdan baxır və tamaşaçılarla dərketmə fəlsəfəsi ilə ünsiyyət yaradır.
Elçinin “Şekspir” pyesi dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərə, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdə səhnəyə qoyulub.
Əsər geniş tamaşaçı auditoriyasının marağına səbəb olmaqla yanaşı, eyni zamanda, dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına geniş şərait yaradıb.