Dost ölkənin mədəniyyət günləri çərçivəsində sərgi
Azərbaycanda Belarus Mədəniyyəti Günləri çərçivəsində aprelin 2-də Milli İncəsənət Muzeyində “Belarus rəssamların gözü ilə” adlı sərgi açıldı.
Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Belarusun mədəniyyət naziri Anatoli Markeviç, Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov və hər iki ölkənin incəsənət xadimləri iştirak edirdilər.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək sərgi haqqında məlumat verdi. Bildirdi ki, ekspozisiyada 35 rəngkarlıq əsəri nümayiş olunur. Bu il Belarusun II Dünya müharibəsində alman faşistlərinin işğalından azad edilməsinin 80 illiyi tamam olur və sərgidə bu mövzuda əsərlərə geniş yer verilib.
Belarusun mədəniyyət naziri Anatoli Markeviç çıxışında ölkələrimiz arasında mədəni əlaqələrin köklü ənənələri olduğunu qeyd etdi. “Əminəm ki, qarşıda bizi çox parlaq, xalqlarımızın marağına səbəb olacaq irimiqyaslı layihələr gözləyir”, – deyə nazir bildirdi.
Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Belarus Milli İncəsənət Muzeyinin direktoru Anna Kononova qarşılıqlı mədəni əlaqələrin əhəmiyyətindən söz açdılar.
Nazir Anatoli Markeviç Azərbaycan Milli İncəsənət Muzeyinə rəsm əsəri hədiyyə etdi. Sonra qonaqlar sərgi ilə tanış oldular.
Sərgidə Belarus rəssamları Anton Vırvo, Anna Kononova, Qleb Otçik, Anna Sadovskaya və Vladimir Urodniçin əsərləri təqdim olunur. Mənzərə janrında əsərlərdə 80 il öncə vətənlərinin işğaldan xilası, sülhün hökm sürdüyü yaradıcı həyatın gözəlliyi təsvir edilib. Əsərlər Belarusun zəngin təbiətinin, şəhər və kənd mənzərələrinin təkrarolunmaz aurasını tamaşaçıya çatdırır.
“Belarus rəssamların gözü ilə” sərgisi aprelin 3-də başa çatdı.
L.Azəri