Azərbaycan Milli Konservatoriyası (AMK) bundan sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin bununla bağlı qərarını aprelin 2-də imzalayıb.
Qərarda deyilir: “Azərbaycan Milli Konservatoriyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasına çevrilmə yolu ilə yenidən təşkil edilir”.
Həmçinin AMK-nın Nizamnaməsi təsdiq edilib. Nizamnaməyə əsasən, AMK mövcud qanunvericiliyə uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, eləcə də fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.
AMK-nın fəaliyyət istiqamətləri aşağıdakılardır: bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması; magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi; doktorantura təhsil səviyyəsində fəlsəfə doktoru proqramı üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi; orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi; elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması.