Aprelin 4-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Xalq artisti Muxtar Avşarovun 110 illik yubileyi münasibətilə tədbir keçirildi.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbiri açaraq Muxtar Avşarovun həyat və yaradıcılığı haqqında danışdı, onunla birgə “Azərbaycanfilm” kinostudiyasında çalışdığı illəri xatırladı.
Xalq artistləri Rasim Balayev, Rafiq Əzimov, Əbdül Mahmudov, Nurəddin Mehdixanlı, İlham Namiq Kamal, Mərahim Fərzəlibəyov, Əməkdar incəsənət xadimləri İlham Rəhimli, Rafiq Sadıqov və Əməkdar artist Əfqan Soltanov M.Avşarov haqqında xatirələrini bölüşdülər.
Sənətkarın ailə üzvləri adından qızı Sevər Abbasova çıxış edərək tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.
M.Avşarovun teatr yaradıcılığını əks etdirən videoçarx, onun Dövlət Film Fondunda keçirilmiş 100 illik yubileyində mərhum Xalq artisti Amaliya Pənahovanın çıxışının videoyazısı, aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirildi.
Tədbirə qatılanlar görkəmli aktyorun sənət yolunu əks etdirən fotosərgi ilə də tanış oldular.