Aprelin 4-ü dünyada “Beynəlxalq mina xəbərdarlığı və minatəmizləmə fəaliyyətinə yardım günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi – ANAMA idarə heyətinin sədri Vüqar Süleymanov bu münasibətlə brifinq keçirib.
ANAMA rəhbəri bildirib ki, 2020-ci ilin Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərlə yanaşı, ötənilki antiterror əməliyyatından (19-20 sentyabr – red.) sonra azad edilən ərazilərdə də mina və partladılmamış sursatların təmizləmə işləri aparılır.
“Həmin ərazilərə ilkin baxış zamanı müxtəlif yerlərdə, körpülərdə, yollarda çoxlu sayda tələ minaları aşkar etdik. Orada bütün dövlət qurumları ilə birgə əməliyyatlara başladıq. Hazırda Xocalı, Malıbəyli, Xankəndi və Kərkicahanda minatəmizləmə fəaliyyəti davam edir”, – deyə o əlavə edib.
Vüqar Süleymanov Rusiya sülhməramlı kontingentinin də Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb ediləcəyini deyib. Qeyd edib ki, bununla bağlı müəyyən sənədləşmə işləri gedir: “Artıq onlar akkreditasiyadan keçirilir. Texnikalar, itlər və canlı qüvvələr yaxın vaxtlarda Xocalıda minatəmizləmə prosesinə cəlb olunacaq”.