Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə keçirdiyi “Muzeydə musiqi” layihəsi çərçivəsində böyük rus bəstəkarı Nikolay Rimski-Korsakovun 180 illiyinə həsr olunmuş “Romansların inciləri" adlı konsert proqramı təqdim edilib.
Konsertin kuratorluğunu tanınmış fotorəssam, 59-cu Venesiya biennalesinin iştirakçısı, çoxsaylı müsabiqələrin qalibi, dünyanın müxtəlif ölkələrində fərdi sərgiləri keçirilmiş, Böyük Britaniya, Özbəkistan, Türkiyə, Azərbaycan və digər ölkələrdə beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olan Əqdəs Bağırzadə edib. O, fortepiano sinfi üzrə xüsusi musiqi təhsili alıb. Kanzas Siti Universiteti və Nelson-Atkins İncəsənət Muzeyində xüsusi təlim kursunu bitirdikdən sonra bir çox beynəlxalq musiqi və vizual layihələrin kuratoru, habelə caz festivallarının yaradıcı direktoru olub.
“Romansların inciləri” adlı konsert proqramında Əməkdar artist Fəridə Məmmədova və solist Yuliya Kərimova bəstəkarın yaradıcılığına aid məşhur əsərləri ifa ediblər.
Əqdəs xanım media nümayəndəsinə deyib: “Bu il bütün musiqi ictimaiyyəti mart ayında yubileyi olan məşhur rus bəstəkarı Nikolay Rimski-Korsakovun 180 illiyini qeyd edir. Onun musiqisi dünyanın bir çox yerində səslənir, Azərbaycanda da bir sıra tədbirlər keçirilib, ölkəmizdə onun simfonik əsərləri ifa olunub. Bu istiqamətdə ilk belə tədbir olan kamera musiqisi axşamının təşkil edilməsi ilə böyük bəstəkarın yaradıcılığına töhfə vermək qərarına gəldik. Proqramda yalnız Nikolay Andreyeviçin əsərləri ilə məhdudlaşmamağa çalışdıq, tədbiri həm də onun şagirdlərinin kompozisiyaları ilə tamamlamağa qərar verdik. Beləliklə, Rimski-Korsakovun musiqi tarixinə qırmızı hərflərlə yazılmalı olan əsərləri ilə yanaşı, dinləyiciləri İqor Stravinski, Anton Arenski və Anatoli Lyadovun bəstələri ilə tanış etdik”.
Romansların vokal hissəsini Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəridə Məmmədova təqdim edib.
Solist, konsertmeyster və pianoçu Yuliya Kərimova ilə birlikdə qeyd etdiyi kimi, çox uzun müddət həm stilistik baxımdan, həm də musiqi materialının təqdim edilməsi nöqteyi-nəzərindən iş aparmalı olublar. Yuliya Kərimova bildirib ki, konsertin ideyası “Muzeydə musiqi” layihəsinin reallaşdırılması təklifi ilə onlara müraciət edən kurator Əqdəs Bağırzadəyə məxsusdur. Hər iki ifaçı dərhal bu tədbirə razılıq verib.
Konsertdən sonra qonaqlar muzeydə nümayiş etdirilən rus incəsənəti ilə tanış olublar.