Aprelin 5-də Azərbaycan musiqi mədəniyyətində silinməz iz qoymuş görkəmli bəstəkar Asəf Zeynallının (1909–1932) anadan olmasının 115 illiyi tamam oldu.

Bu münasibətlə Milli Kitabxanada kitab sərgisi təşkil olunub. “Asəf Zeynallı – 115” adlı sərgidə bəstəkarın kitabxananın fondunda saxlanılan əsərlərinin not yazıları, həyat və yaradıcılığı haqqında Azərbaycan və rus dillərində kitablar yer alıb.

Musiqimizdə bir çox janrın banisi, böyük əsərlərin yaradıcısı sayılan Asəf Zeynallı cəmi 23 il yaşasa da, mədəniyyətimizin korifeyləri sırasında əbədi yer qazanıb. “Ölkəm”, “Seyran”, “Sual”, “Sərhədçi”, “Çadra” adlı romansları, fortepiano üçün “Çahargah”, “Durna” pyesləri, skripka və fortepiano üçün “Muğamsayağı” pyesi unudulmaz bəstəkardan yadigar qalan sənət inciləridir.

Bəstəkar öz əsərləri ilə milli pianoçuluq məktəbinin inkişafına da böyük təsir göstərib, tədris repertuarını zənginləşdirib. Onun fortepiano yaradıcılığında ən maraqlı əsərlərdən biri altı pyesdən ibarət “Uşaq süitası”dır. Bu pyeslərlə Azərbaycanda uşaq fortepiano miniatürünün əsası qoyulub. Bəstəkar eyni zamanda xalq mahnılarımızı nota köçürüb.

Sərgi bir həftə davam edəcək.