Aprelin 5-də Azərbaycan İstiqlal Muzeyində "Mədəniyyət xeyriyyəçilik" layihəsi çərçivəsində Xalq rəssamı Altay Hacıyevin (1931–2019) qızı Səyyarə Hacıyeva tərəfindən muzeyə hədiyyə olunmuş “Həmidə Cavanşir və Cəlil Məmmədquluzadə” adlı rəsm əsərinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Altay Hacıyevin ailə üzvləri, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-mədəni irs şöbəsinin müdiri Sevil Kərimova, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Xalq rəssamı Arif Hüseynov və rəssamlıq üzrə təhsil alan tələbələr iştirak ediblər.

Tədbir-sərgidə rəssamın Azərbaycan İstiqlal Muzeyinin fondunda qorunub saxlanılan və onun şəxsi kolleksiyasından rəsm əsərləri nümayiş olunub. Müəllifin, xüsusilə, “Sara xatın”, “Xurşidbanu Natəvan”, “Aşıq Pəri”, “Məhsəti Gəncəvi” əsərləri iştirakçıların marağına səbəb olub.

Qeyd edək ki, layihə çərçivəsində Xalq rəssamları Xanlar Əhmədov və Əşrəf Heybətov, rəssam Nazim Məmmədov, heykəltaraşlar Rahib Qarayev və Nəriman Tağıyev öz əsərlərini İstiqlal Muzeyinə hədiyyə ediblər.

Sərgi aprelin 16-dək kimi davam edəcək.

Lalə