AMEA Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurası və Şəki şəhər MKS-nin İ.Nakam adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə” mövzusunda elmi seminar keçirilib.
Seminar görkəmli ictimai-siyasi xadim, Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə təşkil olunub.
Şəki Dövlət Regional Kolleci tələbələrinin də qatıldığı tədbiri açan Şəki şəhər Mərkəzi Kitabxanasının Xidmət və abonoment şöbəsinin müdiri Dilbər Yaqubova seminarın müştərək təşkilinə görə təşəkkür edib.
Şəki Regional Elmi Mərkəzi Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə xüsusi önəm verdiyini, Cümhuriyyətin qurucularını yüksək dəyərləndirdiyini qeyd edib. O, Prezident İlham Əliyevin sərəncamı ilə M.Ə.Rəsulzadənin 140 illiyinin qeyd edilməsini tariximizin əlamətdar səhifələrinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra Şəki Regional Elmi Mərkəzi Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Tural Adışirinov “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı və Azərbaycan Xalq Cümhuriyyəti qurucularının bədii portretinin ədəbiyyatda əks olunması” mövzusunda məruzə ilə çıxış edib.
Sonda tələbələrin sualları cavablandırılıb.