Aprelin 7-də Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayevin 65 illik yubileyi tamam olur.

Bu münasibətlə Milli Kitabxanada geniş kitab sərgisi açılıb. Sərgidə müəllifin əsərləri, redaktor, rəyçi olduğu, ön söz yazdığı, həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə işıq üzü görmüş kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Çingiz Akif oğlu Abdullayev 1959-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Yazıçının ilk böyük əsəri “Mavi mələklər” romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Yazıçı ümumi tirajı 30 milyon nüsxə olan 200-dən çox kitabın müəllifidir. Onun əsərləri dünyada bütün yaş təbəqələrindən olan oxucular tərəfindən maraqla qarşılanır. Kitabları Almaniya, İrlandiya, Fransa, Rusiya və s. ölkələrdə kütləvi tirajla çap olunub. Əsərləri 32 dilə tərcümə edilib.

Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə “Xalq yazıçısı” fəxri adına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. O, həmçinin dünyanın bir çox nüfuzlu beynəlxalq mükafatlarına və medallarına, çox sayda ədəbi təltiflərə layiq görülüb.

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Çingiz Abdullayevin 65 illik yubileyi münasibətilə ənənəvi və virtual kitab sərgiləri hazırlanıb.

Virtual sərgidə görkəmli yazıçının həyat və yaradıcılığı, ictimai fəaliyyəti, əsərləri haqqında geniş məlumat verilib.

Sərgidə Prezident İlham Əliyevin sərəncamları ilə Çingiz Abdullayevin “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilməsi, Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin, Əməkdar incəsənət xadimi, rəssam Çingiz Fərzəliyevin yazıçı haqqında fikirləri yer alıb.

Materialda yazıçının əsərlərinin 32 dilə tərcümə edilməsi, kitablarının ölkəmizdən kənarda da şöhrət qazanması haqqında məlumat verilir. Müəllifin “Mavi mələklər”, “Qırılmış əlaqə”, “Oliqarxın qayıdışı”, “Oliqarxın varisi”, “Alqış sədaları altında ölüm”, “Bumeranq zərbəsi” kimi 20-dən çox kitabının qısa annotasiyası ilə yanaşı, əsərlərinin motivləri əsasında çəkilən filmlərdən və Çingiz Abdullayevin müsahibələrindən fraqmentlər də təqdim edilib.

“Çingiz Abdullayev – 65” adlı ənənəvi kitab sərgisində müəllifin kitabxana fondunda saxlanılan və geniş oxucu kütləsi tərəfindən sevilərək mütaliə edilən kitabları və kitabxana əməkdaşlarının hazırladığı eyniadlı ədəbiyyat siyahısı nümayiş olunur.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/cingiz-abdullayev-65 yerləşdirilib.