1998-ci ildə qəbul olunmuş “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunu artıq mövcud reallığı əks etdirmir. Belə ki, köhnəlib, yaradıcılıq və istehsalat münasibətlərinin tənzimlənməsinə daha xidmət edə bilmir. Bu mənada qanunun yenidən hazırlanması zərurəti yaranıb. Bu yöndə hüquqşünaslarla və Milli Məclisdə müvafiq komitələrlə aparılan işlər, eləcə də Mədəniyyət Nazirliyinin tərkibində işçi qrupunun yaradılması düşünürəm ki, işimizi bir qədər yüngülləşdirəcək.
Bu fikirləri Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, yenidən hazırlanacaq qanunda kino istehsalı prosesində müxtəlif formalı imtiyazların və güzəştlərin bu sahəyə tətbiq edilməsi də nəzərdən keçirilir. “Tezliklə peşəkar hüquq şirkətləri ilə birgə yeni qanunvericilik layihəsi hazırlanaraq kino ictimaiyyətinə təqdim olunacaq. Düşünürəm ki, onların təklifləri nəzərə alındıqdan sonra qanun layihəsi daha da təkmilləşdiriləcək və sonda aidiyyəti üzrə daha yüksək ünvanlara göndəriləcək”, - deyə Əməkdar incəsənət xadimi söyləyib.