Azərbaycan Nəşriyyatları Assosiasiyası, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 5-7 aprel tarixlərində Lənkəranda II kitab sərgisi keçirilir.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində gerçəkləşən sərginin açılış mərasimində Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şəmil Sadiq, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəis müavini Dadaş Muxtarlı çıxış ediblər.
Çıxışlardan sonra Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Qeyd edək ki, sərgi çərçivəsində tanınmış yazıçılar oxucularla görüşəcək və öz kitablarını imzalayacaqlar. Bundan başqa, dilçi alim Rafiq İsmayılovun “Oxuyub anlama təhsildə metabacarıq kimi”, təhsil texnoloqu Şəmil Sadiqin “Təhsildə STEAM yanaşması” mövzularında seminarları təşkil olunur.