Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “Bir ömrün izi ilə” kitabının təqdimatı olub. Kitab Azərbaycanın görkəmli filosof-alimi, akademik Heydər Hüseynovun (1908–1950) həyat və yaradıcılığından bəhs edir.
Aprelin 3-də Qərbi Azərbaycan İcmasında keçirilən təqdimat mərasimində çıxış edən icmanın sədri Əziz Ələkbərli bildirib ki, İrəvan şəhərində anadan olan Heydər Hüseynov elm və təhsilimizə böyük töhfələr verib. İctimai və humanitar elmlərin, xüsusilə fəlsəfə elminin inkişafında alimin mühüm xidmətləri olub. Vurğulanıb ki, nadir arxiv sənədləri, akademikin həmkarlarının, tələbələrinin və ailə üzvlərinin xatirələri əsasında yazılan “Bir ömrün izi ilə” kitabında bu günə qədər ictimaiyyətə məlum olmayan bir çox məqamlara aydınlıq gətirilir.
Tədbirdə Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov, İdarə Heyətinin üzvü tarix elmləri doktoru Dilarə Seyidzadə, Ziyalılar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Nizami Cəfərov, icma sədrinin müavini, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Etibar Əliyev, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Flora Xəlilovanın çıxışları dinlənilib.
Qeyd edilib ki, 1935–1950-ci illərdə Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan alimin həyatını faciəli sonluğa gətirib çıxaran hadisələr və səbəblər nəşrdə ilk dəfə açıqlanır. Kitabda Heydər Hüseynovun biblioqrafiyası, şəxsi arxivində olan sənədlərin siyahısı, onların fotoşəkli, ailə fotoalbomu yer alıb.
Müəllif Fəridə Səfiyeva çıxış edərək Heydər Hüseynovun həyatı haqqında və kitab barədə məlumat verib. Bildirib ki, Heydər Hüseynov haqqında yüksək kürsüdə ilk dəfə Ulu öndər Heydər Əliyev danışıb. 2008-ci ildə isə Prezident İlham Əliyev Heydər Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb: “Filoloq olaraq bu kitabı yazmaq mənə nəsib oldu. 2008-ci ildə Heydər Hüseynovun 100 illiyi ilə bağlı tədbirlərdən birində onun qızı Leyla xanımla tanış oldum. O mənə atasının arxiv sənədlərini təqdim etdi, onunla bağlı kitab yazmağımı xahiş elədi. Bu kitabı yazmağı özümə mənəvi borc olaraq görürdüm. Mən arxiv sənədlərini böyük məhəbbət və sevgi ilə araşdırıb yazmağa çalışırdım. Onları yazdıqca da böyük fəxr hissi keçirirdim”.