Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Mətbuat Şurasında olub.
Qonağı salamlayan MŞ sədri Rəşad Məcid ona rəhbərlik etdiyi qurumun missiyası barədə məlumat verib. Şuranın Türk dünyasında fəaliyyət göstərən media orqanları və jurnalist təşkilatları ilə əməkdaşlığından söz açan R.Məcid bildirib ki, qarşılıqlı təmaslarda başlıca məqsəd həm də ortaq türk mədəniyyəti və irsinin təbliğində jurnalist əməyini stimullaşdırmaq, qələm sahibləri arasında əlaqələrin dərinləşməsinə dəstək göstərməkdir.
Aktotu Raimkulova rəhbərlik etdiyi fondun hazırda həyata keçirdiyi işlər və gələcək planlarından söz açıb. O, qurumun fəaliyyətinin intensivləşdirilməsi üçün media amilinin zəruriliyini önə çəkib. Bu baxımdan Mətbuat Şurası ilə əməkdaşlığın faydalı nəticələr doğuracağına əminliyini vurğulayıb.
Qarşılıqlı fikir mübadilələri şəraitində keçən görüşdə MŞ sədrinin müavini Səadət Məmmədovanın, şuranın idarə heyətinin üzvləri – Azər Həsrət və Hacıbəy Heydərlinin birgə əməkdaşlıqla bağlı təklifləri maraqla qarşılanıb.
Görüşdə həmçinin Türk Mədəniyyəti və İrsi Fondu ilə Mətbuat Şurası təmsilçilərinin müntəzəm görüşlərinin, müxtəlif məsələlərə dair birgə müzakirələrinin təşkili qərara alınıb.