Azərbaycan Dövlət Film Fondunda, Dövlət Kino və Foto Arxivi idarəsində və digər arxiv və mənbələrdə kinematoqrafiyaya aid vizual materialların, foto və sənədlərin vahid reyestrinin yaradılması nəzərdə tutulur.
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu bu barədə AZƏRTAC-a müsahibəsində deyib.
ARKA rəhbərinin sözlərinə görə, Azərbaycan kinosunda əvəzsiz xidmətləri olan sənətkarların Dövlət Film Fondunda və yaxud yeni yaradılacaq Kino muzeyində fərdi guşələrinin açılması da görüləcək işlər sırasındadır.
Bundan əlavə, AMEA ilə birlikdə kino irsini təbliğ edən “Milli kino tarixi” çoxcildliyinin nəşri, kino xadimlərinin yaradıcılığını və avtobioqrafiyasını əks etdirən elektron antologiyanın hazırlanması nəzərdə tutulur.
Orxan Fikrətoğlu Azərbaycan kino sənətinin tanıdılması istiqamətində görüləcək işlərdən də danışıb. Bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən milli kinomuzun təbliğ edilməsi məqsədilə A kateqoriyalı festivallarda Azərbaycan pavilyonlarının açılması haqqında qərar verilib: “Bu ilin mayında Kann Film Festivalında Azərbaycan pavilyonlarının qurulmasına başlanılacaq. Ölkəmiz həmin festivalda yeni yanaşma və yeni kino fəlsəfəsi təqdimatı ilə təmsil olunacaq. Həmçinin ölkəmizdə fəaliyyət göstərən telekanallarda təbliğat mexanizmi olaraq müxtəlif təyinatlı kinoverilişlərin hazırlanması, müstəqil kino və mədəniyyət portallarının dəstəklənməsi nəzərdə tutulub”.
Ölkəmizin zəngin kino irsinin təbliği sahəsində də ARKA Mədəniyyət Nazirliyi ilə birgə silsilə tədbirlər həyata keçirir: “Gənc nəslin mədəni-milli ruhda formalaşmasına töhfə vermək, habelə klassik və müasir filmləri tamaşaçılara daha yaxından tanıtmaq məqsədilə ali məktəblərdə onların nümayişinə başlanılıb. Bundan başqa, kino xadimlərinin yubileylərinə həsr olunmuş “Kinomuzu yaradanlar... kinomuzu yaşadanlar” adlı yeni layihə kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması məqsədi daşıyır. Ayda bir dəfə həyata keçirilən layihə hər dəfə bir kino xadiminə həsr olunacaq və filmlərin nümayişi təşkil ediləcək”.