AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə XIV əsrin məşhur ərəb alimi Siracəddin əbu Həfs Ömər bin əl-Müzəffər ibn əl-Vərdinin “Xəridətül-əcaib və fəridətül-ğəraib” əsərinin əslən Azərbaycandan olan, XVI əsr Osmanlı ədibi, tarixçi və tərcüməçisi Mahmud Şirvani tərəfindən türkcəyə edilmiş tərcüməsi kitab halında işıq üzü görüb.

Əsərin Əlyazmalar İnstitutunda saxlanılan fotosurəti əsasında hazırlanmış nəşrə tərcümənin birinci yarısı daxil edilib. İnstitutun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Cabbarlının mətnini transfoneliterasiya edib çapa hazırladığı bu kitabda müəllif o dövrdə məşhur olmuş şəhərlər, çaylar, dağlar, dənizlər, bitkilər və heyvanlar haqqında məlumat verib.

Yeni nəşrin elmi redaktoru akademik Möhsün Nağısoylu, ön sözün müəllifi filologiya elmləri doktoru, professor Kamandar Şərifov, redaktoru və ərəbcə hissələri tərcümə edən isə institutun böyük elmi işçisi Rauf Şeyxzamanlıdır.