Qala-şəhərimizdə elmi-praktik konfrans keçirilib 

 

6-7 aprel tarixlərində Şuşa şəhərində Azərbaycan Milli Konservatoriyasının (AMK) Muğam kafedrası, AMK nəzdində "Səsin tədqiqi” elmi laboratoriyası və "Azerbaijan Voice Orqanization LLC"nin birgə layihəsi olan "Şusanın səsi - Azərbaycanın səsi 2" adlı dəyirmi masa və elmi-praktik konfrans keçirilib.

Tədbir Dünya Səs Gününə (16 aprel) və Şuşa şəhərinin 2024-cü il üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Gənclər paytaxtı” seçilməsinə həsr olunub.

Konfrans Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlayıb, Vətən müharibəsində şəhid olan qəhrəmanların əziz xatirəsi anılıb.

Konfransı AMK-nın elmi işlər üzrə prorektoru Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova açıb və onun "Bülbülün elmi irsində Azərbaycanda oxuma sənəti və məktəbi haqqında" mövzusunda məruzəsi dinlənilib.

Muğam (xanəndə) kafedrasının müdiri Xalq artisti Mənsum İbrahimovun "Müasir dövrdə xanəndə sənətinin tədrisinə dair", "Səsin tədqiqi” elmi laboratoriyasının rəhbəri Aleksandriya Sultan fon Brüseldorffun "Azərbaycan muğam ifaçılarının sağlamlığı və rifahı" mövzusunda məruzələri təqdim olunub. Konservatoriyanın professoru, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə, AMEA-nın aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi Sənubər Bağırova, Dünya Səs Gününün Azərbaycan milli koordinatoru, dosent, tibb üzrə fəlsəfə doktoru, "Lor hospital" səs mərkəzinin rəhbəri Ramil Həşimli, AMK-dan professor, Xalq artisti Nəzakət Teymurova, baş müəllim, Əməkdar müəllim Qəzənfər Abbasov, dosentlər - Əməkdar artist Təyyar Bayramov, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Baxşəliyev, AMK-nın müəllimi və Tələbə Elmi Cəmiyyətinin rəhbəri Fərdin Məhəmmədzadə maraqlı və aktual mövzularda çıxış ediblər. Çıxışlar musiqi nömrələri ilə növbələşib.

Əməkdar müəllim Qəzənfər Abbasov, 5-ci Muğam müsabiqəsinin qalibi, AMK-nın magistrantı Sədəf Budaqova, 4-cü Muğam müsabiqəsinin qalibi, AMK-nın məzunu Gülzar Fərəcova və onları müşayiət edən konservatoriyanın İnstrumental muğam kafedrasının müəllimi Oqtay Şərifov, konsertmeysteri İlhamiz İsmayılov bir-birindən rəngarəng musiqi nömrələri səsləndiriblər.

Konfransda həmçinin “Azərbaycan muğam ifaçılarının səs aparatının akustik və fizioloji xüsusiyyətlərinin tədqiqi”, “Şuşanın təbiəti, səsləri və oxuma mədəniyyəti” və “Azərbaycan muğam xanəndəlik sənəti foniatrik tədqiqatlarda” mövzularında müzakirələr aparılıb.

İştirakçılar gələcəkdə Şuşada daha böyük elmi tədbirlərin keçirilməsi ilə bağlı arzularını dilə gətiriblər.

Elmi-praktik konfransda fəxri qonaq qismində Şuşa Şəhəri Dövlət Qoruq İdarəsinin icraçı direktoru Tural Novruzov iştirak edib.