Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində yazıçı-jurnalist İradə Məlikovanın “Mən fəxr edirəm ki, azərbaycanlıyam” (Azərbaycan və talış dillərində)  kitabının təqdimat mərasimi keçirilib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr olunan kitab Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ərsəyə gətirilib.

Kitabın Azərbaycan dili üzrə redaktoru şair-publisist Rauf İlyasoğlu, talış dili üzrə redaktoru isə şair-publisist Baləddin Veşodur. Filologiya elmləri doktoru, professor İmamverdi Həmidov kitaba ön söz yazıb.

Nəşrdə Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə cənub bölgəsinə göstərdiyi əvəzsiz xidmətlər – tikinti-abadlıq və quruculuq işləri, eləcə də Lənkəran, Astara, Masallı və Lerik rayonlarında keçirdiyi görüşlər, zəhmət adamları ilə söhbətləri, həmçinin həmin rayonların ziyalılarının dahi şəxsiyyətlə bağlı xatirələri yer alıb.

Çıxışlarda kitabın multikultural dəyərlərə əsaslanaraq Azərbaycanda yaşayan azsaylı xalqların azərbaycançılıq ideyasına xidmət etməsindən, dahi şəxsiyyətin dövlətçilik yolunda göstərdiyi misilsiz xidmətlərin təbliği işinə daha bir töhfə olacağından, Heydər Əliyev haqqında digər nəşrlər kimi, bu əsərin də geniş oxucu auditoriyası qazanacağından söz açılıb.

Sonda müəllif tərəfindən imzalanan kitablar tədbir iştirakçılarına təqdim olunub.