Yerlərdə 2016-cı ilin Aprel döyüşlərinin 8-ci ildönümü münasibətilə müxtəlif tədbirlər təşkil olunub.

Qax rayon Heydər Əliyev Mərkəzində Səməd Vurğun adına rayon Mədəniyyət Mərkəzi ilə birgə “Aprel döyüşləri böyük Zəfərə gedən yolun başlanğıcıdır” adlı ədəbi-bədii tədbir keçirilib.

Çıxışlarda qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşləri 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində qazandığımız böyük Qələbənin başlanğıc nöqtəsi idi. Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazimiz olan Qarabağın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu bütün dünyaya sübut etdi. Aprel döyüşləri hərb tariximizin qəhrəmanlıq salnaməsidir.

Tədbir bədii proqramla davam edib. Sonda Aprel döyüşlərindən bəhs edən sənədli film nümayiş olunub.

***

Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xaçmaz rayonu ərazisindəki N saylı hərbi hissədə "Aprel döyüşləri – böyük Zəfərin başlanğıcı" mövzusunda tədbir keçirilib.

Çıxış edənlər Azərbaycan Ordusunun parlaq qələbələrindən biri olan şanlı Aprel döyüşlərinin tarixi, Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi, Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifinin dağıldığını deyiblər. Bildirilib ki, 4 günlük müharibə Vətən müharibəsindəki Zəfərin təməli idi.

Tədbir məktəblilərin ifasında şeirlər və səhnəciklərlə davam edib, şəhidlərimizin fotolarından ibarət sərgi nümayiş olunub.

***

Ağsu rayon Mədəniyyət Mərkəzi və rayon Mərkəzi Kitabxanasının kollektivi Aprel döyüşlərinin şəhid giziri Toğrul Fərəczadənin məzarını ziyarət edib. Ərazi bütövlüyümüz uğrunda canından keçmiş qəhrəmanın məzarı önünə gül dəstələri düzülüb, xatirəsi yad olunub.

***

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi (RMİ) Zəngilan rayon nümayəndəliyi və rayon Mədəniyyət evinin kollektivi (Abşeron rayonu Masazır qəsəbəsi) tərəfindən Aprel döyüşləri şəhidləri Müşfiq Orucov, Əbdülməcid Axundov və Rəşid Baxşəliyevin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə gül dəstələri düzülüb, şəhid ailələrinə başsağlığı verilib.

***

Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi) Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib. Çıxışlarda Aprel döyüşləri və onun əhəmiyyəti haqqında danışılıb. Bildirilib ki, bu döyüşlər zamanı Azərbaycan Ordusu ermənilərin illərlə möhkəmlətdiyi səddi keçərək əhəmiyyətli strateji nöqtələri azad edib.

Tədbirin sonunda Aprel döyüşlərinə həsr olunmuş film nümayiş etdirilib.

***

İmişli rayon Heydər Əliyev Mərkəzində "Dastana dönən ömürlər" layihəsi çərçivəsində Aprel döyüşləri şəhidləri Nəcməddin Savalanov və Cavid Dədəkişiyevin xatirəsinə həsr olunan "Ölməz qəhrəmanlar" adlı tədbir təşkil edilib.

Tədbirdə Aprel döyüşlərinin təcrübəsini ikinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusunun düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etməsindən, 8 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə qürurla dalğalanmasından bəhs olunub.

Daha sonra Aprel şəhidlərinə həsr olunmuş videoçarx və mədəniyyət işçiləri tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

***

Şirvan Dövlət Rəsm Qalereyası şəhər 1 nömrəli tam orta məktəbdə "Qələbəyə ilk addım" adlı sərgi təşkil edib. Sərgiyə baxışdan sonra məktəblilər vətənpərvərlik mövzusunda kompozisiyalar təqdim ediblər.

Şirvan Tarix-Diyarşünaslıq Muzeyində Aprel döyüşlərinə və şəhid Rahil Ərəbliyə həsr olunan “Aprel döyüşləri. Qələbənin ilk cığırı” adlı tədbir keçirilib. Çıxış edənlər Aprel döyüşlərində Ordumuzun qəhrəmanlığı, fədakarlığı və qələbə əzmindən söhbət açıblar. Bildirilib ki, bu tarixi hadisə gələcək nəsillər üçün qəhrəmanlıq örnəyidir. Sonda vətənə və şəhidlərə həsr olunan şeirlər səsləndirilib, videoçarx nümayiş olunub.

***

Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi Fərman Salmanov adına şəhər tam orta məktəbində “Aprel zəfəri” adlı tədbir təşkil edib.

Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycanın qələbəsi xalqımıza xoş müjdə olmaqla bərabər, vətəndaşlarımızda dövlətimizə və qüdrətli Ordumuza inamı, etibarı daha da gücləndirib. Bu döyüşlər həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində atılan mühüm bir addım olub.

Çıxışlardan sonra mövzu ilə bağlı tərtib olunmuş kitab sərgisinə baxış keçirilib.

***

Astara rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bir qrup mədəniyyət işçisi Aprel döyüşlərinin əfsanəvi qəhrəmanlarından şəhid gizir Pəncəli Teymurovun məzarını ziyarət edib. Ziyarət zamanı şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Sonra mədəniyyət işçiləri şəhidin ev-muzeyini ziyarət edərək ailə üzvləri ilə görüşüblər. Görüşdə Pəncəli Teymurovun göstərdiyi şücaətdən danışılıb, onun ömür yolunun gəclərə örnək olduğu vurğulanıb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

1-4 aprel tarixlərində Masallı rayon Heydər Əliyev Mərkəzində rayon ümumtəhsil məktəblərinin şagirdləri üçün vətənpərvərlik ruhunda filmlərin nümayişi təşkil olunub. Filmlərin nümayişi Masallı rayon Heydər Əliyev Mərkəzi və mərkəzdə fəaliyyət göstərən Qodman kənd kitabxana filialının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Hazırladı: N.Məmmədli