Aprelin 8-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-sərgi kompleksində tanınmış qrafika ustası, Əməkdar incəsənət xadimi Elmas Hüseynovun (1937–2013) yaradıcılığına həsr olunmuş sərgi keçirilib.

ADRA-nın rektoru Xalq rəssamı, professor Natiq Əliyev sərgi iştirakçılarını açılış nitqi ilə salamlayıb, Elmas Hüseynovun zəngin yaradıcılıq irsi haqqında məlumat verib.

ADRA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru Xalq rəssamı, professor Fuad Salayev E.Hüseynovun I Qarabağ müharibəsi dövründə qəhrəman Vətən övladlarının  obrazlarını canlandırmasını, bununla yanaşı onun böyük monumental əsərlərin də müəllifi olduğunu vurğulayıb.

Akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru Xalq rəssamı, professor Səlhab Məmmədov sənətkarın yaradıcılığı ilə çox yaxından tanış olduğunu, bu sərgidə yer alan əsərlərin onun zəngin irsinin kiçik hissəsini təşkil etdiyini diqqətə çatdırıb.

Xalq rəssamı, professor Sirus Mirzəzadə E.Hüseynovu istedadlı rəssam olmaqla yanaşı, təvazökar insan kimi də dəyərləndirib.

Sonda çıxış edən rəssamın qızı, ADRA nəzdində İncəsənət Kollecinin müəllimi Elnaza Mustafazadə atasının yaradıcılığına göstərilən diqqətə görə təhsil ocağının rəhbərliyinə təşəkkürünü bildirib.

Çıxışlardan sonra sərgi açıq elan olunub.

Sərgidə E.Hüseynovun qrafika, rəngkarlıq və qarışıq texnikada işlənmiş 50-yə yaxın əsəri yer alıb. Sərgi aprelin 16-dək ziyarət üçün açıq olacaq.