Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru Xalq artisti, professor Siyavuş Kərimi, konservatoriyanın Populyar caz və ifaçılıq kafedrasının müdiri Emil Əfrasiyab və rektorun müşaviri Riad Quliyev Naxçıvan Dövlət Universitetində (NDU) olublar. İncəsənət fakültəsində keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb. Bildirilib ki, bu səfər AMK ilə Naxçıvan Dövlət Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən gerçəkləşir. Səfər çərçivəsində ustad dərsləri təşkil olunacaq.
Sonra Siyavuş Kərimi konservatoriyanın simfonik orkestrinin və Opera studiyasının hazırladığı konsert proqramını dinləyib, ifalar əsasında müzakirələr aparılıb. “Qurulan əməkdaşlıqlar kağız üzərində yox, real icrası ilə yadda qalmalıdır”, deyən Xalq artisti vurğulayıb ki, gələcəkdə də bu istiqamətdə NDU üçün hər cür köməyə hazırıq.
Əməkdar artist Emil Əfrasiyabın fortepianoda ifası dinləyicilərin zövqünü oxşayıb.
Sonra qonaqlar İncəsənət fakültəsinin akt zalında ustad dərsi keçib. Onlar bir ildir fəaliyyətə başlayan caz ifaçılarını dinləyib, öz tövsiyələrini veriblər.
Siyavuş Kərimi universitetin Musiqi Kolleci, İncəsənət fakültəsinin xalq çalğı alətləri orkestri və “Buta” instrumental ansamblının ifalarını da dinləyib, öz məsləhət və tövsiyələrini diqqətə çatdırıb.