Mədəniyyət ocağında Naxçıvan Muxtar Respublikanın 100 illiyi qeyd olunub

 

Türkiyənin Kayseri şəhərində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Kayseri şəhər Talas bələdiyyəsinin təşkilatçılığı ilə “Şuşa” Azərbaycan Evinin açılış mərasimi keçirilib.

Aprelin 7-də gerçəkləşən tədbirdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyi də qeyd olunub.

Hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan açılış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, Talas bələdiyyəsinin sədri Mustafa Yalçın və digər rəsmilər iki qardaş ölkə arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərindən, Şuşa Bəyannaməsinin və “Şuşa” Azərbaycan Evinin gələcək nəsillər üçün tarixi önəmindən danışıblar. Vurğulanıb ki, 2022-ci ildə  Şuşa şəhəri ilə Kayseri şəhəri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.

Qeyd edək ki, Azərbaycan Dostluq parkında yerləşən, 2022-ci ildə əsası qoyulan “Şuşa” Azərbaycan Evinin fasadı Şuşa qalası şəklində inşa olunub. Parkın ərazisində İsa bulağının surəti quraşdırılıb, Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

Tədbir "Ercies" Mədəniyyət Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş konsert proqramı ilə davam etdirilib. Musiqili gecədə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı tərəfindən (bədii rəhbər – Əməkdar artist Zeynalabdin Babayev) xalq və bəstəkar mahnıları, rəqs nömrələri təqdim olunub. Muxtar respublikanın Əməkdar artisti Zülfiqar Mahmudov, filarmoniyanın solistləri Nərmin Hüseynova və Əfsanə Babayeva tərəfindən ifa edilən “Sizə salam gətirmişəm”, “Azərbaycan maralı”, “Sənə qurban”, “Axtarma məni”, “Qarabağ şikəstəsi”, “Yaşa, mənim xalqım”, “Çırpınırdın, Qara dəniz”, “Şuşanın dağları” musiqi nömrələri alqışlarla qarşılanıb. Eyni zamanda “Şənlik” süitası, “Qavalla”, “Naz eləmə”, “Qobustan yallısı”, “Sarı gəlin” rəqs nömrələri, “Zəfər” kompozisiyası tamaşaçılarda xoş ovqat yaradıb.

Musiqili gecə Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə” əsərinin ifası ilə sona çatıb.