AMEA-nın əsas binasında müqəddəs Ramazan bayramı münasibətilə şəhid ailələri və qazilərin iştirakı ilə “Hər şey Vətən üçün” adlı tədbir keçirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq iştirakçıları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu bayramın xalqımız üçün əhəmiyyətindən danışıb.
Ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışan İsa Həbibbəyli tarixi Qələbənin şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını vurğulayıb. Qeyd edib ki, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.
Daha sonra “İnformasiya müharibəsində də qalib gəlmiş Müzəffər Ali Baş Komandan İlham Əliyev” adlı videoçarx nümayiş etdirilib.
Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov çıxış edərək müqəddəs Ramazan bayramı ərəfəsində belə bir tədbirin keçirilməsindəki dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.
Həmçinin Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant fəl.ü.f.d., dosent Radif Mustafayev, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun YAP ilk Ərazi təşkilatının sədri fil.e.d. Mərziyyə Nəcəfova, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayev, Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri t.ü.f.d. Asya Əhmədova, A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun YAP ilk Ərazi təşkilatının sədri Bəxtiyar Əhmədov çıxış edərək tədbirin elmi, siyasi əhəmiyyətini və yeni reallıqlar baxımından mahiyyətini şərh ediblər.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın başını uca edib, işğal altında olan dədə-baba yurdlarımızda Ramazan bayramı qeyd olunur.