Rəssam Rövşən Nurun təqdimatında
Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə rəssam Rövşən Nurun əsərlərinin nümayiş olunduğu “Azərbaycan naxışları” adlı sərgi təşkil edilib.
Ekspozisiyada Azərbaycanın zəngin mədəni irsini tərənnüm edən nümunələr yer alıb. Rəssamın Azərbaycan həyatının mahiyyətini əks etdirən əsərləri ziyarətçiləri ölkənin adət-ənənələrinə, həyat tərzinə və əsrarəngiz gözəlliyinə nəzər salmağa çağırıb. Ekspozisiya həmçinin izləyicini Azərbaycanın müxtəlif mənzərələrinə – sərt dağlarından sakit vadilərinə qədər səyahətə aparıb.
Rövşən Nur Bakıda anadan olub və öz yaradıcılıq yoluna burada başlayıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən sonra Estoniyaya yola düşüb. Tallinn Rəssamlıq Akademiyasında bacarıqlarını daha da inkişaf etdirib və ənənələrin novatorluqla üzvi şəkildə birləşdiyi fərqli üslubda yaradan rəssam kimi formalaşıb.
Hazırda Rövşən Nur Estoniya paytaxtında yaşayır və işləyir, tez-tez Avropa auditoriyasının Azərbaycanın mədəniyyəti və irsi ilə tanış olmasına xidmət edən sərgilər və tədbirlər keçirir.