Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rejissoru, Əməkdar artist Namis Şirməmmədov 12 aprel 2024-cü il tarixində, 62 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Namis Xanmirzə oğlu Şirməmmədov 3 aprel 1962-ci ildə Ağsu rayonunda anadan olub. 1979–1983-cü illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1983–1989-cu illərdə Sumqayıt Dövlət Dram Teatrında çalışıb.

1997-ci ilədək Akademik Milli Dram Teatrında fəaliyyət göstərən aktyor burada Polis, Kərəm ("Tənha iydə ağacı", "Ağıllılar və dəlilər" – İ.Əfəndiyev), Qurban ("Anamın kitabı" – C.Məmmədquluzadə), Xızır ("Qədr gecəsi" – E.Baxış)  və s. rolları canlandırıb.

1997-ci ildə yenidən Sumqayıt teatrına gələrək 2008-ci ilə qədər bu səhnədə

Şərif (“Qarağaclar altında məhəbbət – Y.Onil), Bayram (“Xırs quldurbasan”  – M.F.Axundzadə), Heydər Əliyev (“Xilaskar” – A.Babayev), Əlvan (“Varlı qadın” – Ə.Əmirli), İnsan (“Öz xoşuna yaşayan pişik” – R.Kiplinq), Adi adam (“Diribaş adamlar” – V.Şukşin) və s. obrazlara həyat verib.

Daha çox dramatik xarakterli rollar oynayan N.Şirməmmədov 2008-ci ildən teatrın quruluşçu rejissoru kimi fəaliyyət göstərib. O eyni zamanda bir sıra filmlərdə çəkilib.

Yaradıcılığı yüksək qiymətləndirilən aktyor 2008-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar artist” fəxri adına və 2013-cü ildə “Tərəqqi” medalına layiq görülüb.

Allah rəhmət eləsin.