Sektorlar arasında görüş keçirilib

 

Aprelin 15-də Dövlət Turizm Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə sektor nümayəndələri ilə görüş keçirilib. Tədbirdə “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbər şəxsləri də iştirak ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nəqliyyat sistemini turistlər üçün daha əlverişli edən əlçatanlıq, təhlükəsizlik, davamlılıq kimi qlobal səviyyədə tanınan xüsusiyyətlər üzrə ölkəmizdə görülmüş və planlaşdırılan işlər barədə danışıb.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev daxili və xarici turizm sahəsinin inkişafının nəqliyyat sistemi və infrastrukturu ilə birbaşa əlaqəli olduğunu, mövcud sahələrin sinxron inkişafının vacibliyini vurğulayıb. Diqqətə çatdırılıb ki, 2024-cü ilin yanvar-mart aylarında ölkəyə ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz çox turist gəlib.

Görüşdə səmərəli nəqliyyat sisteminin turizmin inkişafında rolu, hava və yerüstü nəqliyyat (dəmir yolu və avtomobil nəqliyyatı) sahəsində şirkətləri maraqlandıran məsələlər və dövlət-özəl tərəfdaşlığının əhəmiyyəti müzakirə olunub, turizm şirkətləri və nəqliyyat qurumları təmsilçilərinin təklifləri dinlənilib.