Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında “Sazlı-sözlü kəlağayı günləri” adlı ədəbi-bədii kompozisiya keçirilib.
Kitabxananın direktoru Xumar Məmmədova milli-mənəvi dəyərlərimizin gənc nəslə təbliğ olunması baxımından tədbirin əhəmiyyətini qeyd edib.
“Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı muzeyi”nin direktoru, şair, publisist Güllü Eldar Tomarlı milli dəyərlərin bir atributu kimi kəlağayının geniş təbliğ olunması istiqamətində görülən işlərdən söz açıb. Vurğulanıb ki, ictimai birliyin layihəsi olaraq 2022-ci ildə “Kəlağayı muzeyi” yaradılıb.
NDU-nun Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının dosenti, şair, folklorşünas Sədaqət Nemət, Azərbaycan tarixi kafedrasının professoru, “SEVİNC” QHT-nin təsisçisi Sevinc Abbasovanın çıxışları dinlənilib.
Qeyd olunub ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Sonda tələbələr şeirlər səsləndirib, “Belkanto” vokal qrupunun ifasında musiqilər təqdim olunub.