Nəcəf bəy Vəzirovun 170 illik yubileyi münasibətilə

 

Sumqayıt Şəhər Gənclər Kitabxanasında 5 saylı tam orta məktəbin 10-cu sinif şagirdlərinin iştirakı ilə görkəmli yazıçı, dramaturq, maarifçi Nəcəf bəy Vəzirovun (1854–1926) 170 illik yubileyi münasibətilə müəllifin “Müsibəti-Fəxrəddin” əsərinin müzakirəsi keçirilib.

Kitabxananın müdiri vəzifəsini müvəqqəti icra edən Leyla Mahmudova N.Vəzirovun həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, dramaturq 1896-cı ildə qələmə aldığı “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. Onun adıçəkilən əsəri və digər pyesləri Azərbaycan teatrlarının repertuarında yer alır. Bildirilib ki, ədibin əsərləri dövlət varidatı elan olunan müəlliflərin siyahısına daxil edilib.

Sonra iştirakçılar yazıçının kitablarından ibarət “Bizim yubilyarlar” adlı sərgi ilə tanış olublar.

5 saylı tam orta məktəbin şagirdləri “Müsibəti-Fəxrəddin” əsərinin qısa məzmununu danışıb, təhlil ediblər. Əməkdar müəllim Elmira Allahverdiyeva əsərlə bağlı şagirdlərin suallarını cavablandırıb, fikirlərini bölüşüb.

Sonda çıxış edən məktəbin kitabxana müdiri Şirin Abdullayeva tədbirin təşkilinə görə təşəkkürünü bildirib