Mimçilərin “Romeo və Cülyetta”sı

 

Xüsusən, son illər milli teatr prosesini analiz etməyə çalışan bir sıra həmkarlarımın sözüdür: nə qədər klassika olar axı? Mübahisəli fikirdir. Niyə? Çünki teatrın repertuarı, aktyoru klassikada yetişir. Amma baxır o klassika nə zaman və necə qoyulur.

Cari ildə 30 yaşını tamamlayan Azərbaycan Dövlət Pantomima Teatrı da bu günlərdə (uzun sükutdan sonra), nəhayət ki, dilə “gəl”ərək premyera sorağını verdi. Özü də bir dünya klassikası, “ən həzin və kədərli məhəbbət dramı” hesab olunan “Romeo və Cülyetta” ilə.

Dahi Şekspirin bu pyesinin fərqli janr və üslublarda, texnika və təqdimatlarda saysız tamaşaları var və hələ çox olacaq. Sözsüz ki, janr müxtəlifliyi mükəmməl əsəri təqdimatda azaddır. Üstəlik, yaradıcılıq nöqteyi-nəzərdən pyes bütün imkanlara malikdir və nüvəsində yetəri qədər yozum imkanı var. O da baxır onun açarını tapa bilən rejissorun yaradıcılıq potensialına.

Gələk mimçilərin, daha doğrusu, zaman-zaman özünü başqa teatrlarda sınayıb, sonradan köhnə evinə yeni arzularla qayıdan Ceyhun Dadaşovun pantomima janrında, özü də plastik portret kimi müəyyən etdiyi “Romeo və Cülyetta”ya.

Tamaşanın quruluşçu rejissor və musiqi tərtibatı Ceyhun Dadaşov, rəqslərin quruluşçusu Nargilə Qəribova (Əməkdar artisti), quruluşçu rəssamı Xəyyam Səmədovdur. Sözsüz ki, teatrın bədii rəhbəri, yəni bütün mimçilərin hərəkətverici qüvvəsi Xalq artisti Bəxtiyar Xanızadədir.

“Romeo və Cülyetta” sadəcə bir eşq hekayəsi deyil. Bunu “ailələri düşmən olan, maneələrə baxmayaraq bir-birindən imtina etməyən aşiqlər” deyə izah etsək, daha doğru olar. Çünki dramın əsas mövzusu “eşq ölümü belə gözə alar” şəklindədir.

Səhnə əsəri əsasən ölüm və həyatın mübarizəsi üzərində qurulub. Canlandırılan hadisələr sözügedən iki məfhumun vuruşması üçün yaradılan döyüş meydanında cərəyan edir.

Hekayət hər kəsə bəllidir: bir-birinə düşmən olan iki ailənin övladları – Romeo və Cülyetta qarşılaşdıqları ilk anda bir-birlərinə aşiq olurlar və beləcə, kədərli sonluqla bitən əhvalatları başlayır.

Bu dəfə mövzunun emosional təsir gücü başqa bir taktda idi: hərəkət ilə. Bədən – bütün əzalar ona tabe olan üz-göz ifadələrinə qoşularaq bizi uzaq və bəlkə də xəyal olan zaman və məkana – qədim Verona küçəsinə, Montekki və Kapuletti ailələrinin üzvlərinin bitib-tükənməyən intriqalarının ortasına, oradan bal gecəsinə “aparır”. Sonra zülmət qaranlıqda günəş kimi parıldayan gənclərin, iki nisgilli aşiqin görüş yerində biz də pusquda “durur”, sonsuz həsrətin olacağını bilə-bilə ani vüsala xoşbəxt oluruq. İki bədən bir olanda, bütün hisslər ətrafa səpiləndə, vücudları bürüyən sonsuz eşqin sükutunu musiqi pozanda da hamılıqla təəssüratın yaratmış olduğu təsirdə xoşhal oluruq.

Bəli, məhz xoşhal. Bu məqamda qeyd edim ki, iki aşiqin görüş səhnəsində bədənlərin harmonik ifadə üslubunu dəqiq seçən rejissor ən son anda – eşq dolu səhnənin kulminasiyasında da iyrənclikdən, ehtirasın şəhvətə təslimindən qaçmışdı.

90 dəqiqəlik (pantomima tamaşa, yəni sərasər bədən hərəkətli tamaşa üçün kifayət qədər uzun, yorucu vaxtdır deyə xüsusilə qeyd etdim) tamaşada mükəmməl aktyor oyunu hakim olduğundan hər birini ayrı-ayrılıqda qeyd etmək lazımdır.

Ölüm – Bəhruz Vaqifoğlu (Əməkdar artist), Rahib (Həyat) – Elnur İsmayılov, Romeo – Oqtay Kazımov, Cülyetta – Aydan Həsənova,  Kapuletti – Elxan Şahaliyev, Ledi Kapuletti – Səbinə Hacıyeva (Əməkdar artist), Montekki – Nurlan Süleymanlı, Ledi Montekki – Solmaz Bədəlova, Hersoq – Əli Əlizadə, Dayə – Nargilə Qəribova (Əməkdar artist), Tibalt – Nurlan Rüstəmov, Merkutsio – Hilal Dəmir, Benvolio – Cavad Nuriyev, Paris – Elmin Qiyaslı, Sakinlər – Jalə Novruzova, Hüseyn İsmayılov.

Ayrı-ayrılıqda təəssürat yazmaq uzun zaman aparacaq deyə qısaca vurğulayım ki, qoca-cavan, köhnə-yeni mimçilər mükəmməl bir orkestr, bir falş notun belə olmadığı möhtəşəm bir klassik musiqi ifaçıları təəssüratı yaratdılar.

Saat yarım dinamik səhnələrlə dolu bir tamaşada təngnəfəs olmadan, təyin olunmuş mizan və texnikadan kənara çıxmadan, musiqi ilə işığın diktə etdiyi ani keçidlərdə belə qüsursuz oyun göstərdilər.

Qoy, köhnə nəsil məndən inciməsin. Amma səhnədə, demək olar ki, ilk dəfə (sözsüz ki, əsas planda) gördüyüm gənclər – Romeo və Cülyetta cütlüyü, eləcə də digər obrazlardakı yeni ifaçılar yüksək dinamikaları və müsbət enerji ötürmək güclərinə görə daha baxımlı və uzunmüddətli təsir gücünə malik vizual tarazlıqdaydılar.

Hərçənd Bəhruz-Elnur “dialoq”undakı emosionallıq və minimalistcəsinə peşəkar oyun da gözdən qaçmadı. Onların vəziyyətə uyğun seçilmiş bədən mübarizələri, döyüş və rəqabət detalları üzərindəki dəqiq təsvirləri, daha doğrusu, təklif olunmuş vəziyyətin uyğun ifadə dilində səlislikləri baxımlı idi.

Tamaşanın işıq və geyim həlli də estetik və ideyaya uyğun idi: qırmızı və mavi. Yəni azadlıq və ehtirasın hakimiyyəti. Sözsüz ki, sözün olmadığı, yalnız hərəkətlə ifadə vasitələrinin seçildiyi istənilən aktda  rəng vacib rabitə formasıdır deyə bu tamaşada da işlək mexanizm seçilmiş və yerinə düşmüşdü.

Sonda bir daha qeyd edim ki, tamaşada, xüsusən döyüş səhnələrində gənclərə xoş gələcək boeviksayağı elementlərə daha çox can atan, bu yolla həyəcan, adrenalin hissini yuxarı şkalaya çatdırmağa çalışan rejissor musiqi həllini də özü tapdığından istəyini hasil etmişdi.

Həmidə Nizamiqızı