Kitabda oxuduğunu bir də səhnədə görmək imkanı olarsa...
Bu gün teatrların repertuarı orta məktəblərin tədris proqramı ilə uzlaşırmı, məktəblərin teatrlarla əlaqəsi nə dərəcədə səmərəli qurulub, dərs proqramı üzrə keçilən və sinifdənxaric oxu üçün təklif edilən əsərlərin şagirdlər tərəfindən mənimsənilməsində teatr sənətinin rolu necədir?
Redaksiyadan bu mövzuda yazı təklifi alanda məmnun oldum. Çünki orta məktəbdə iki il uşaq birliyinin rəhbəri və iki il Azərbaycan dili və ədəbiyyatı müəllimi təcrübəsi olan, iyirmi ildən artıq teatrdan yazan şəxs üçün bu suallara cavab olacaq araşdırma aparmaq, eyni zamanda illər sonra ədəbiyyat fənninin tədrisi vəziyyəti ilə tanış olmaq son dərəcə maraqlı idi.
Rəsmi mövqe
Öncə mövzu üzrə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə sorğu verdik. Aldığımız cavab bu oldu: “Bildiririk ki, ümumi təhsil müəssisələrində istifadədə olan ədəbiyyat dərsliklərində təqdim edilən ədəbi nümunələr sırasında dram əsərləri də vardır. Məlumdur ki, dram əsəri səhnədə nümayiş üçün yazılır. Deməli, əsərdəki əsas ideyaların daha yaxşı qavranılması üçün tamaşaya baxmaq faydalıdır. Dərsliklərdə olmayan tamaşalar da şagirdlərin dünyagörüşünü, estetik zövqünü formalaşdırmağa xidmət edir. Müəllimlərin və valideynlərin təşəbbüsü ilə məktəblilər teatr tamaşalarına birgə gedirlər”.
Məktəblərdə dram dərnəklərinin yaradılması ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, bu, Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dәrnәklәrin təşkili Qaydası”na əsasən tənzimlənir. Dərnəklər tәhsilalanların dünyagörüşünün genişləndirilməsi, tədris proqramları əsasında qazandıqları bilik və bacarıqların artırılması, onlarda seçdiyi sahə üzrə yaradıcılıq və tətbiqetmə səriştələrinin formalaşdırılması və inkişafına kömək məqsədilə yaradılır. Təhsil müəssisəsinin maddi-texniki və tədris bazası, müvafiq kadr potensialı və ayrılmış ştat vahidləri nəzərə alınmaqla incəsənət, bədii və texniki yaradıcılıq, idman növləri və digər sahələr üzrə dərnəklər təşkil edilir.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutu Tədris resursları şöbəsinin aparıcı mütəxəssisi Aysel Xanəliyevanın fikrini də öyrəndik: “Şagirdlərin nitq bacarıqlarının (oxuyub-anlama, danışma, dinləmə, yazı) formalaşdırılması, onların müxtəlif sahələr üzrə söz ehtiyatının zənginləşdirilməsi, dünyagörüşünün artırılması Azərbaycan dili fənninin əsas məqsədidir. Bu baxımdan istər ibtidai təhsil pilləsində, istərsə də ümumi orta təhsil pilləsində şagirdlərin istifadəsində olan Azərbaycan dili dərsliklərində milli-mənəvi dəyərlərin, həmçinin Azərbaycan teatr mədəniyyətinin təbliği diqqət mərkəzindədir. Dərsliklərdə ssenari mətnləri, süjetli hekayələr üzrə ssenarilərin qurulması, səhnələşdirilməsi fəaliyyətləri əksini tapır”.
Aysel xanım nümunə olaraq 3-cü sinfə aid Azərbaycan dili dərsliyində “Balaca aktyor”, 4-cü sinif dərsliyində “Xurşidbanu Natəvan”, 5-ci sinif dərsliyində “Hacı Qara” mətnlərinin tədris edildiyini qeyd etdi.
Orta məktəblərdə ədəbiyyat dərsləri necə keçir?
Ondan başlayaq ki, orta məktəblərin ədəbiyyat proqramında Nizami Gəncəvidən üzü bəri bir çox şairlərimizin əsərləri, eləcə də Azərbaycan və dünya ədəbiyyatından nəsr nümunələri ilə yanaşı, Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, Cəlil Məmmədquqluzadənin “Anamın kitabı”, Hüseyn Cavidin “Ana”, “İblis”, Cəfər Cabbarlının “Oqtay Eloğlu”, Səməd Vurğunun “Vaqif”, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” kimi dram nümunələri də tədris edilir.
212 nömrəli məktəbin təcrübəli Azərbaycan dili və ədəbiyyatı müəllimi Xanım Səmədova XI sinif şagirdləri ilə “Anamın kitabı”, “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşalarında olarkən teatr-səhnə ab-havasının gənclərə müstəsna təsir etdiyini deyir. Onun sözlərinə görə, şagirdlər tərəfindən səhnə versiyasını gördükləri əsər daha mükəmməl mənimsənilir, nəinki həmin əsərə, müəllifə və onun yaradıcılığına maraq artır, bu, ümumiyyətlə, müasir şagirdlərdə güclü olan vizual qavramaya meyli daha da təşviq edir.
Müasir tədris proqramında həm Azərbaycan dili, həm də ədəbiyyat dərslərində mətnlər üzrə daha çox iş aparılır, şagirdlərdə mütaliə vərdişini aşılamağa, yaxud inkişaf etdirməyə daha çox diqqət ayrılır. Lakin buna baxmayaraq, təəssüf ki, şagirdlər arasında dərs proqramından kənar, sinifdənxaric oxu üçün nəzərdə tutulmuş bədii ədəbiyyatın mütaliəsinə maraq çox zəifdir. Müəllimlər bunu uşaqların dərs yükünün kifayət qədər ağır olması ilə də əlaqələndirirlər.
Yaşlı və qismən orta nəsil yəqin xatırlayar ki, vaxtilə bir çox məktəblərdə dram dərnəkləri vardı. İndi buna nadir hallarda rast gələ bilərik. Bununla belə, bəzi məktəblərdə bədii qiraət dərnəkləri fəaliyyət göstərir. Bakıdakı 45 nömrəli orta məktəb də onlardan biridir. Gənc Azərbaycan dili və ədəbiyyatı müəllimi Səriyyə Abbasovanın rəhbərliyi altında dərnəyin üzvləri nəzm əsərlərini obrazlı şəkildə canlandırırlar. Ədəbiyyat dərslərində audio və video materiallardan da imkan dairəsində istifadə edilir.
Məktəbin təcrübəli Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülkər Abbasova isə proqramdakı dram əsərlərini ayrılmış dərs saatı çərçivəsində sinif otağında səhnələşdirilmiş formada tədris etməyə üstünlük verir. Məsələn, “Hacı Qara” (M.F.Axundzadə) komediyası şagirdlərin iştirakı ilə tamaşa olaraq təqdim edilib və maraqla qarşılanıb.
Bu yerdə onu da qeyd edim ki, 45 nömrəli məktəbin şagirdlərinin iştirakı və Pantomima Teatrının aktyoru Cavad Nurun rejissorluğu ilə 21 fevral – Ana Dili Günü münasibətilə ədiblərimizin əsərlərindən səhnəciklərin də yer aldığı kompozisiyanın məşqini izləmişdim. Uşaqların səhnədə sərbəst davranışına, obrazları məzmunlu təqdim etmək bacarıqlarına heyran olmuşdum. Müəllimlərlə söhbətdən sonra onlarda bu vərdişlərin uşaqlara dərs saatları zamanı aşılandığı aydın oldu və bu çox gözəldir.
Məktəblər və teatr
Son illər teatr tamaşalarını izləməyə gələnlər arasında yeniyetmə və gənclərin sayının artmasını müşahidə etmək də çox sevindiricidir. Gənc teatrallar arasında texniki və dəqiq elmlər üzrə təhsil alanların olması isə ikiqat xoş təsir bağışlayır. Ümumiyyətlə, teatrlarımız üçün istər orta məktəb şagirdləri, istərsə də ali məktəb tələbələri çox əhəmiyyətli tamaşaçı kontingenti hesab olunur.
Akademik Milli Dram Teatrı da səhnə əsəri seçimində buna diqqət ayırmağa, ədəbiyyat dərslərində tədris edilən əsərlərin, müəlliflərin repertuarda əks olunmasına çalışır. Cəfər Cabbarlının “Almaz”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncagı”, “Ölülər”, “Anamın kitabı” pyesləri, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında qurulmuş “Qətibə İnanc”, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan”, eləcə də “Hökmdar və qızı” əsərinin səhnə versiyası olan “Qarabağnamə”, Həsən Həsənovun M.F.Axundzadənin həyat və yaradıcılıq yolundan bəhs edən “Qürbətdən gələn məktublar”, Aleksey Tolstoyun “Buratino axmaqlar ölkəsində” kimi tamaşaların izləyiciləri sırasında orta məktəb şagirdlərinin ayrıca yeri var. Bu tamaşalar onların tədris edilən əsəri mənimsəməsinə, həmçinin ədəbiyyat dərslərindən tanıdıqları ədiblərin ömür və yaradıcılıq yolunu dərindən qavramasına, şübhəsiz ki, kömək edir. Teatrın mətbuat katibi Cavid Zeynallının sözlərinə görə, belə uyğunluq məktəb və teatr əlaqələrinə, şagirdlərin estetik tərbiyəsinə əhəmiyyət verməkdən başqa, həm də kassa marketinqi prinsipinə əsaslanır.
Dövlət Gənc Tamaşaçılar Teatrı ənənəsinə sadiq qalaraq məktəblərlə davamlı işləməkdədir. “Göyçək Fatma”, “Dörd əkizin nağılı”, “Qoğalın sərgüzəştləri”, “Uzunboğaz Pippi”, “Bremen musiqiçiləri”, “Qızıl balıq”, “Şən Elf və cadugər”, “Sindibad” kimi tamaşalar aşağı sinif şagirdlərinin həvəslə izlədiyi səhnə əsərləridir. Teatrın mətbuat katibi Samirə Əşrəf truppanın uşaq evləri və sığınacaqlarında da vaxtaşırı tamaşalar oynadığını bildirdi.
Mütəxəssis sözü
Tanınmış teatrşünas və pedaqoq, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə qaldırdığımız müzakirə mövzusunun son dərəcə zəruri olduğunu vurğuladı. Teatr aləmi və təhsil sistemi ilə sıx bağlı olan M.Əlizadə yetişməkdə olan nəslin orta məktəblərdə istər humanitar, istərsə də dəqiq elmlər üzrə hərtərəfli bilik və dünyagörüşü qazanmasını vacib sayır: “Peşə və ya ixtisas seçimlərini sonra onlar özləri edirlər. İnsanın gələcəkdə hansı fəaliyyət sahəsini secməyindən asılı olmayaraq, ədəbiyyat və incəsənət sahəsi üzrə zövq və dünyagörüşünə malik olması yalnız müsbət rol oynaya bilər”.
Həmsöhbətim bu mövzuda söz açarkən dərsliklərin məzmunu ilə bağlı giley-güzarını da gizlətmir. Çünki tədrisdə arzuolunan nəticəyə çatmaqdan ötrü orta məktəb müəllimlərinin pedaqoji bacarıqları ilə yanaşı, ən əsas şərt, şübhəsiz ki, dərsliklərin səviyyəsi ilə bağlıdır: “Dərsliklərin tərtibinə çox ciddi nəzarət olmalıdır. Hər adama bu işi etibar etmək olmaz. Konkret olaraq ədəbiyyat dərslikləri təcrübəli, dolğun bilikli, geniş dünyagörüşünə malik pedaqoq-filoloqlar tərəfindən tərtib edilməlidir. Bu tələblərə cavab verən mütəxəssislərimiz az deyil. Amma onların davamçıları yetişməlidir. Müəllimləri səviyyəli dərsliklərlə, məzmunlu proqramla təchiz etdikdən sonra onlardan buna layiq iş tələb etmək olar”.
Teatrşünasın fikrincə, orta məktəblərdə tədris proqramına həm milli, həm də dünya ədəbiyyatından seçmə əsərlər salınmalıdir: “İlk növbədə, klassikaya geniş yer ayrılmalıdır və əlbəttə ki, müasir əsərlərin ən yaxşıları tədris edilməlidir. Amma nədənsə dərsliklərdən hamı narazıdır. Bu dövlət əhəmiyyətli bir məsələdir. Çünki ölkəmizin, dövlətimizin gələcək sahibləri indiki gənclər olacaqlar. Yalnız mənəviyyatı dürüst və zəngin olan vətəndaşlardan ibarət cəmiyyət tərəqqiyə çata bilər.
Mən 1968-ci ildə bitirdiyim 31 nömrəli orta məktəbin çox güclü ədəbiyyat müəllimləri vardı. Direktor Humay Həsənzadə özü də ədəbiyyat müəlliməsi idi. O necə sevirdi ədəbiyyatı, bizə onu necə sevdirirdi! Teatrı da çox sevən adam idi. Həftədə bir dəfə məktəbdən bizi teatra aparırdılar, həftədə bir dəfə də valideynlərimizlə teatra gedirdik. O illərdə Bakıda ailəlikcə teatra getmək ənənəsi var idi. Böyüklər teatrları və tamaşaları yaşımıza uyğun seçirdilər. Əlbəttə ki, hər birimizin teatr aləmi ilə tanışlığı kukla teatrından başlayır. Ona görə həm ailələr, həm də məktəblər bu məqamı diqqətdən qaçırmamalıdır. Son illər tamaşa zallarında gənclərin sayının çoxalması onu göstərir ki, belə ailə və məktəblərimiz az deyil. Bu, çox sevindirici və ümidverici haldır. Bu mənada söhbətimizin mövzusunun son dərəcə vacibliyindən çıxış edərək onu da vurğulayım ki, məktəblərimiz teatrlarla sıx əlaqə qurmalıdır. Əminəm ki, teatrlarımız bu təşəbbüsə canla-başla qoşulacaqlar. Mədəniyyət və İncəsənət Universitetinin müəllimi olaraq deyim ki, məktəblərdə proqram üzrə əlavə bilgi-məlumat xarakterli mühazirələr oxumağa da hazırıq. “Mədəniyyət” qəzetinə də belə bir mövzunu müzakirəyə çıxardığına görə təşəkkürümü bildirir, onu gündəmdə saxlamağı arzu edirəm”.
Mövzu üzrə şəxsi təəssürat
Orta məktəbdəki ədəbiyyat dərslərimizdən xoş xatirələrim var: bu fənni tədris edən müəllimlərimizin biri digərindən peşəkar olduqları üçün proqramda təqdim edilən mövzunu sevə-sevə, biz şagirdlərdə əvvəlcə ədəbi əsərə maraq, daha sonra fabulaya fərdi yanaşma bacarığı aşılayaraq tədris edirdilər. Məktəbdə dram dərnəyimiz də vardı və 6-7 siniflərdən başlamış 11-ci sinfə kimi ədəbiyyat dərslərində bir çox əsərlərin tədrisi sanki bacarıqlı rejissor və ona layiq yaradıcı heyətin iştirakı ilə hazırlanan tamaşanın baş məşqi təəssüratını doğururdu. Səbirsizliklə gözləyirdim bu dərsləri və 45 dəqiqənin bitməsini heç istəmirdim; əsl ədəbiyyat və teatr bayramı idi çünki...
Samirə Behbudqızı
P.S. (redaksiyadan): mövzuya qayıdacağıq...