COP29-un loqosu təqdim olunub
Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un loqosu ictimaiyyətə təqdim olunub.
Aprelin 15-də keçirilən mətbuat konfransında COP29 Əməliyyat Şirkəti idarə heyətinin sədri və əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bu barədə məlumat verib. O, qeyd edib ki, COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.
Kökləri Azərbaycan tarixi-mədəni irsinə dayanan buta motivi özündə davamlılıq və innovasiyanı ehtiva etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpü salır. Bunların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özlüyündə beş fərqli elementi ehtiva edir – flora və fauna, hava və külək, su, enerji və kainat. Loqo iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönümlü fəaliyyətin əhəmiyyətini əks etdirir.