Mədəniyyət, idman, gənclər...

 

2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” adına Azərbaycanın Laçın şəhərinin namizədliyi irəli sürülüb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Minskdə (Belarus) MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bu təklifi səsləndirib. Nazir həmçinin Azərbaycanın ikinci böyük şəhəri Gəncənin 2025-ci ildə “MDB Oyunları”na ev sahibliyi edəcəyini xatırladıb və bu məqsədlə ölkəmizdə aparılan aktiv hazırlıq işlərindən danışıb.

Qeyd edək ki, “Birliyin Mədəniyyət Paytaxtları” proqramına 2010-cu ildə start verilib və fəxri status hər il MDB şəhərlərindən birinə verilir. Azərbaycandan Qəbələ (2013) və Gəncə (2017) bu missiyanı daşıyıb. 2024-cü ildə “MDB-nin mədəniyyət paytaxtı”  Özbəkistanın Səmərqənd şəhəridir. O, estafeti Sankt-Peterburqdan (Rusiya) qəbul edib.

Səmərqənd Musiqili Dram Teatrında keçirilən “Mədəniyyət paytaxtı” ilinin açılış mərasimində (5 aprel) MDB ölkələrinin yaradıcı kollektivləri tərəfindən musiqi nömrələri təqdim olunub.

“Səmərqənd – MDB-nin mədəniyyət paytaxtı” proqramının tədbirləri ilboyu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçiriləcək. Şəhər MDB ölkələrinin mədəniyyət və incəsənət xadimlərinin yaradıcılıq görüşləri və qastrol səfərləri, elm və idmançıların çıxışları, vernisaj və sərgilərin keçirilməsi üçün əsas platformaya çevriləcək.

Özbəkistanın qədim şəhəri Səmərqənd sovetləşmə zamanı respublikanın ilk paytaxtı (1924) olub. Hazırda əhalisinə (574 min nəfər) görə Özbəkistanın üçüncü böyük şəhəridir. Açıq səma altında muzey sayılan Səmərqənddə 500-ə yaxın maddi mədəni irs obyekti qeydə alınıb. Tarixi tikililərin əksəriyyəti Səmərqəndin Teymurilər dövlətinin paytaxtı olduğu XV–XVII əsrlərə aiddir. 2001-ci ildə şəhərin tarixi hissəsi “Səmərqənd – mədəniyyətlərin kəsişməsi” adı altında UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, ötən ildən etibarən MDB-də “Mədəniyyət paytaxtı” ilə yanaşı, daha iki nominasiyada (İdman və gənclər) keçici “paytaxt”lar elan olunur. “MDB-nin idman paytaxtı” haqqında layihə 2022-ci ildə təsdiq olunub. İlk olaraq bu missiyanı 2023-cü ildə Minsk (Belarus) daşıyıb. Bu il “MDB-nin İdman paytaxtı” Ermənistanın Gümrü şəhəridir.  2025-ci ildə missiyanı Azərbaycanın Gəncə şəhəri qəbul edəcək. Müvafiq qərar bu günlərdə (12 aprel) MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasında qəbul edilib. 2026-cı ildə isə “MDB-nin idman paytaxtı” Qazaxıstanın Almatı şəhəri olacaq. Yeri gəlmişkən, “İdman paytaxtı” seçilən şəhər eyni zamanda “MDB Oyunları”na (2023-cü ildə əsası qoyulub) ev sahibliyi edir.

Üçillik “MDB-nin gənclər paytaxtı” proqramı isə 2023-cü ildə təsdiq edilib. 2024-cü ildə ilk dəfə bu missiyanı Daşkənd (Özbəkistan) qəbul edib, 2025-ci ildə bu adı Azərbaycanın Qəbələ şəhəri daşıyacaq, sonra isə (2026) Ermənistanın Qapan şəhərinə təhvil verəcək.