Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xalqın mədəni sərvəti” layihəsi davam edir. Layihənin 15-20 aprel tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyası, Gəncə-Daşkəsən, Mərkəzi Aran,  Şirvan-Salyan, Şəki-Zaqatala və Qazax-Tovuz RMİ-lərin iştirakı ilə reallaşan növbəti mərhələsi görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Süleyman Ələsgərovun (1924–2000) 100 illiyinə həsr olunub.

İlk gün Gəncə şəhər Heydər Əliyev Mərkəzində bəstəkarın yaradıcılığına həsr olunmuş konfrans keçirilib. “Süleyman Ələsgərovun operettaları”, “Süleyman Ələsgərovun mahnı və romansları”, “Opera yaradıcılığı”, “Üzeyir ruhlu bəstəkar Süleyman Ələsgərovun yaradıcılığının üslub xüsusiyyətləri” və “Simfonizm ənənələri” mövzularında müzakirələr aparılıb.

Daha sonra Gəncə şəhəri, Samux, Goranboy, Daşkəsən və Göygöl rayonlarında fəaliyyət göstərən bir sıra uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə bəstəkarın əsərlərindən ibarət konsert proqramı keçirilib.

Günün sonunda bir sıra uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert təqdim olunub.

Xatırladaq ki, “Xalqın mədəni sərvəti” layihəsi üzrə yanvarın 8-dən 14-dək keçirilən tədbirlər Fikrət Əmirova, fevralın 14-dən 16-dək təşkil olunan tədbirlər Qara Qarayevə, martın 27-dən 29-dək gerçəkləşən tədbirlər isə Cabbar Qaryağdıoğluna həsr olunmuşdu.

N.Məmmədli