AzMİU Milan Politexnik Universiteti ilə əməkdaşlığı genişləndirir

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfər edib. Səfər Milan Politexnik Universitetinin dəvəti ilə reallaşıb.

AzMİU-dan bildirilib ki, səfər zamanı Milan Politexnik Universiteti Memarlıq məktəbinin rəhbəri professor Andrea Kampioli, universitetin Dizayn fakültəsinin dekanı Françesko Zurlo, digər nümayəndələrlə görüşlər keçirilib. Nümayəndə heyəti Milan Politexnik Universitetinin maddi-texniki bazası ilə də tanış olub.

AzMİU ilə Milan Politexnik Universiteti arasında dizayn ixtisası üzrə həyata keçirilən ikili diplom müqaviləsinin tədris məsələləri müzakirə edilib. İkili diplom proqramı çərçivəsində Milanda təhsil alan AzMİU tələbələrinin keçdikləri dərslər, laboratoriya işləri və icra etdikləri layihələr barədə məlumat verilib.

Rektor ikili diplom müqaviləsi çərçivəsində Milan Politexnik Universitetində təhsil alan AzMİU tələbələri ilə də görüşüb, onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verib.

Qeyd edək ki, AzMİU bakalavriat səviyyəsi üzrə Türkiyənin İstanbul Texniki Universiteti, İtaliyanın Milan Politexnik Universiteti və Fransanın CNAM Universiteti ilə, magistratura səviyyəsi üzrə isə İspaniyanın Koruna Universiteti, İtaliyanın Milan Politexnik Universiteti və Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə ikili diplom proqramları həyata keçirir. Böyük Britaniyanın Vestminster Universiteti və Türkiyənin Ankara Universiteti ilə imzalanan ikili diplom proqramı üzrə bu ildən etibarən tələbə qəbulu həyata keçiriləcək.