Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib.

Şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan “Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiya” həyata keçirəcək.

İştirakçılar tərəfindən nəşrlər 8 iyun 2024-cü il tarixinədək komissiyaya təqdim olunmalıdır.

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.

Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən az (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən az) olan nəşrlərin satın alınmasına yol verilmir.

Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, türk, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.

Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və ya fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.

İştirakçılar tərəfindən komissiyaya ünvanlanmış müraciət və müraciətdə satın alınması göstərilən nəşrlərdən 1 nüsxə Azərbaycan Milli Kitabxanasına təqdim edilməlidir.

Nazirlər Kabinetinin qərarı ilə (2019) təsdiq edilmiş “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”na müvafiq olaraq məcburi nüsxələri Milli Kitabxanaya təqdim edilməyən nəşrlərin müsabiqədə iştirakına yol verilmir.

Müsabiqəyə aşağıdakı mövzular üzrə son iki ildə çap olunan nəşrlər təqdim oluna bilər: elmi və elmi-kütləvi ədəbiyyat; uşaq ədəbiyyatı; milli adət və ənənələr, bayramlar, tarixi rəmzlər və toponimlər barədə nəşrlər; Azərbaycan etnoqrafiyası və milli-mədəni irsinə aid nəşrlər; Vətən müharibəsinə aid yüksək məzmuna malik nəşrlər; görkəmli ədəbiyyat, incəsənət və ictimai xadimlər haqqında araşdırmalar və memuarlar; bədii ədəbiyyat.

Müsabiqə haqqında ətraflı məlumatı Mədəniyyət Nazirliyinin rəsmi saytında “Elanlar” bölməsində əldə etmək olar.